İnsanlar banklardan pullarının çəkilməsi ilə bağlı tez-tez şikayətlənirlər. Kimisi deyir ki, kartından başqa karta xəbəri olmadan pul göndərilib, kimisi kartından online alış-veriş edildiyini deyir.
Bir sözlə, insanlar pullarını kimə əmanət edəcəyini bilmirlər artıq. Banklar isə hər dəfəsində təhlükəsizliyin çox güclü olduğunu deyirlər. Bütün dünyada banklaşma prosesi gedir, nağd pul sıradan çıxır. Amma Azərbaycanda hələ də banklara güvənin tam form
Hakerlərin “sevimli” qurbanları...
Mövzu ilə bağlı Bizim.Media-ya danışan bank məsələləri üzrə ekspert Emin Mahmudov bildirib ki, banklarda yaranan problemlər sadəcə bank kartları ilə əlaqədardır.
“Azərbaycanda uzun illərdir banklara haker hücumları olmur. Çünki təhlükəsizlik çox yaxşı qurulub. Banklar özü də istəmədən məcburdur ki, bütün yoxlamalardan keçsin. Daimi onlara nəzarət olunur, zəif olan cəhətlər düzəldilir. Ona görə də, hakerlərə banka hücum etmək sərf etmir, nə dərəcədə uğurlu ola biləcəklərini ölçə bilmirlər. Bu səbəbdən, zəncirin ən zəif halqası olan kredit sahiblərinə hücum edirlər və onların məlumatlarını çox rahatlıqla əldə edirlər”.
Kart məlumatları necə oğurlanır?
Ekspertin sözlərinə görə, hakerlərin fəaliyyəti günbəgün təkmilləşir və onlarla mübarizə aparmaq çətinləşir.
“Bu vaxta qədər saxta linklərlə, aldadıcı təkliflərlə kart məlumatlarını əldə etməyə çalışırdılarsa, son aylarda artıq müxtəlif fayllar vasitəsilə kart sahiblərinin telefonlarına proqramlar yükləyirlər və bütün telefonu ələ keçirirlər, nəticədə mobil tətbiqləri, kart məlumatları, depoziti hər şeyi öz əllərinə keçirə bilirlər. Dələduzluğun və təhlükəsizlik tədbirlərinin sayı artdıqca, rahatlığımızı itiririk. İndi ödənişlərimizi rahat və cəld ediriksə, bir il sonra pul köçürmələri zamanı gücləndirilmiş sistemdən istifadə olunacaq. Burada müştəridən əlavə üz tanıma, barmaq izi, müxtəlif şifrələr istənilə bilər. 2026-cı ilin yanvar ayına qədər artıq müştəri ödənişləri zamanı daha gücləndirilmiş yoxlama üsullarından keçəcək”.
“Müştərilərin savadlılığı artırılmalıdır”
E.Mahmudov qeyd edir ki, gücləndirilmiş yoxlama da yüz faiz dələduzlardan qoruya bilməyəcək.
“Çünki əgər yenə də insanlar öz kart məlumatlarını paylaşacaqlarsa, tanımadıqları, təhlükəli olan faylları, proqramları yükləyəcəklərsə, yenə də kartlarından pullar oğurlanacaq. Ona görə də, banklar müştərilərin savadlılığına xüsusi önəm verməlidirlər. Banklar öz sosial şəbəkələrini kənara qoymalıdırlar. Çünki müştərilər o səhifələri o qədər də izləmir. Geniş kütləyə çatmaq lazımdır. Müxtəlif bloqerlər, tiktokerlər, yutuberlər vasitəsilə gündəmdə olan xüsusi parıldayan şəxslər var ki, insanlar daha çox onlara baxır. Onlar vasitəsilə xalqa müraciət etmək lazımdır”.