Gürcüstan parlamentində prezident seçkisi başlayıb.
Stopnarkotik.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, səsvermə 14:00-a qədər davam edəcək.
İclas zalında artıq səsvermə üçün xüsusi seçki qutuları quraşdırılıb.
Ölkədə prezident ilk dəfə olaraq birbaşa ümumxalq səsverməsi ilə seçilmir.
Belə ki, Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək. İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.
Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.
Parlamentin işini boykot edən müxalifət isə seçkidə iştirak etmir. Onlar, həmçinin prezidentliyə öz namizədlərini də təqdim etməyiblər.
Xatırladaq ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 16-da başa çatır. Buna baxmayaraq, o, dövlət başçısı kimi səlahiyyət müddəti bitdikdən sonra prezident sarayını tərk etməyəcəyini bildirib.