Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərə güclü yağış yağıb, Kvemo-Kartlinin 15-dən çox kəndi ilə əlaqə kəsilib.
Bu barədə regionun dövlət prokuroru Georgi Doxturaşvili bildirib.
Onun sözlərinə görə, qabaqlayıcı tədbirlər nəticəsində əhalinin təxliyəsi mayın 26-na keçən gecədən başlayıb:
“Gecə boyu güclü yağış yağıb. Xüsusilə ağır nəticələr Marneuli, Tetritskaro, Bolnisi və Dmanisi bələdiyyələrində müşahidə olunur. 15-dən çox kəndlə əlaqə kəsilib. Körpülər dağılıb, xilasedicilər 24 saat işləyir.
Həmçinin müxtəlif bölgələrdən əlavə qüvvələrin səfərbər edilməsi lazım olub. İnsanların təxliyəsində Daxili İşlər Nazirliyinin əməkdaşları çox fəal iştirak edir. Profilaktika məqsədi ilə daşqınlardan zərər çəkmiş ərazilərdə əhalinin təxliyəsinə gecə saatlarından başlanılıb. Bundan əlavə, 15-dən çox ailə Marneuli bələdiyyəsindəki evlərindən aparılıb”.
***
Gürcüstanda güclü yağış fəsadlar törədib.
Gürcüstan hökumətinin Regionlarla Əlaqələr Departamentinin məlumatına görə, Mtsxeta-Mtianeti bölgəsində aramsız yağan yağışlar nəticəsində yaşayış evlərini, rayondaxili yolları, əkin sahələrini su basıb, körpülər və elektrik xətləri sıradan çıxıb, rayonlara elektrik enerjisinin verilişi dayandırılıb.
Həmçinin məcburi köçkünlərin məskunlaşdığı Tserovani, Tianeti və Duşeti bələdiyyələrinin inzibati vahidləri və Mtsxeti bələdiyyəsinin digər kəndlərində fəsalar qeydə alınıb.
Əlverişsiz hava şəraitinin yaratdığı problemlərin aradan qaldırılması üçün hazırkı mərhələdə bələdiyyələr səviyyəsində müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda, təbii fəlakət nəticəsində dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb.