Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılıb.
Stopnarkotik.az xəbər verir ki, iclasda hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib.
“Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi”, - deyə o vurğulayıb.
İclasda iştirak edən Prezident Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı olan Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini deyib.
Daha sonra məsələ səsverməyə çıxarılıb. Prezident Salome Zurabişvilinin impiçmenti qəbul edilməyib. Belə ki, impiçmentin qəbulu üçün 100 səs tələb olunsa da, sənədin lehinə 86 deputat səs verib. 1 nəfər isə impiçmentin əleyhinə olub.