Son zamanlar Gürcüstanda narkotik cinayətlərinə görə 1712 nəfər, o cümlədən narkotik vasitələrin satışına görə 157 nəfər həbs edilib. Bu barədə ölkənin Daxili İşlər Nazirinin müavini Aleksandr Daraxvelidze açıqlama verib.
Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində narkotiklərlə əlaqəli 2370 cinayət müəyyən edilib.
Saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı, Azərbaycan, İran, İraq, Türkiyə, Rusiya, Rumıniya, Moldova, Ukrayna, Qazaxıstan, Böyük Britaniya, Latviya, Malayziya, Belarus və İordaniya vətəndaşları da olub.
Xatırladaq ki, 2025-ci il martın 19-da Gürcüstan parlamentinin ölkədə narkotik siyasətinin sərtləşdirilməsinə yönəlmiş düzəlişləri qəbul etməsindən sonra narkotiklərə qarşı mübarizı daha çox sərtləşib. Parlament bu tarixdə səkkiz qanuna düzəlişləri birinci oxunuşda qəbul etmişdi.
Qəbul edilən dəyişikliklərə əsasən:
Narkotik vasitələrin qanunsuz dövriyyəsi mütəşəkkil cinayətkarlıq, reketçilik və “oğru dünyası” ilə yanaşı, dövlətin xüsusi nəzarətində olan cinayətlər siyahısına daxil edilib.
Narkotik alverçilərinin və onların qohumlarının cinayət yolu ilə əldə etdikləri əmlak dövlətin xeyrinə müsadirə olunacaq.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə təkcə narkotik vasitələrin deyil, həm də marixuananın və çətənənin, psixotrop maddələrin, onların analoqları və ya psixotrop təsir göstərən maddələrinin, habelə analoqlarının və prekursorlarının, psixoaktiv maddələrin satışı nəzərdə tutulur.
Daraxvelidze qeyd edib ki, polis əməkdaşlarının müxtəlif cinayət işləri üzrə həyata keçirdikləri genişmiqyaslı tədbirlər nəticəsində 4,5 min ədəd "Subutex" və "Suboxin" həbləri, 2,5 kiloqram metadon, 1 kiloqram alfa-PVP, 2,7 kiloqram preqabalin, 72 kiloqram marixuana və 150 kiloqram çətənə müsadirə edilib.
Stopnarkotik.az