Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası sensasiyalı təşəbbüslə çıxış edib. Söhbət “Xarici təsirin şəffaflığı haqqında” yeni qanunun qəbulundan gedir.
Məlumatı “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze açıqlayıb.
Onun sözlərinə görə, Gürcüstan parlamenti yaxın iki ayda ABŞ-da qüvvədə olan eyni qanunla tam üst-üstə düşən qanun layihəsi təqdim edəcək:
“Biz parlamentə Xarici Təsir Şəffaflığı Aktını Amerikanın hazırkı FARA qanunu ilə tamamilə eyni versiyada qəbul etmək təşəbbüsünü təqdim edəcəyik”.
Mdinaradze bildirib ki, 2024-cü ildə parlament “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib və bu qanun hələ də tam icra olunmayıb:
“Məlum olduğu kimi, bu qanun xaricdən maliyyə yardımı alan qeyri-hökumət təşkilatlarının Ədliyyə Nazirliyinin reyestrində qeydiyyata alınmasını nəzərdə tutur. Qanunun bu tələbi bir neçə aydır ki, xaricdən yardım alan ən iri və zəngin QHT-lər tərəfindən yerinə yetirilmir”.
Qeyd edək ki, Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun Avropa İttifaqının və ABŞ-ın əvvəlki prezident administrasiyasının kəskin tənqid obyektinə çevrilib. Bu qanunun qəbulu ilə əlaqədar Avropa İttifaqı və ABŞ Gürcüstana və onun liderlərinə qarşı bir sıra sanksiyalar tətbiq edib.
Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) 1938-ci ildə qəbul edilib. Qanuna əsasən ABŞ-da xarici hüquqi və fiziki şəxsləri üçün siyasi və ya iqtisadi fəaliyyət göstərən şəxslər rəsmi şəkildə qeydiyyatdan keçməli və belə fəaliyyət üçün icazə almalıdılar.