Güclü külək əsəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u axşamdan 20-si səhərədək arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 20-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR-sı, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.