“Göylərin hakimi”, dövrünün ən böyük narkotik baronu... – O, FTB-nin AXTARDIĞI CİNAYƏTKARLAR SİYAHISINDA BİN LADENDƏN SONRA İKİNCİ İDİ...

Amado Karrillo Fuentes, (17 dekabr 1956, Sinaloa - 6 iyul 1997) meksikalı cinayətkar, böyük narkotik alverçisi, Juarez narkokartelinin qurucularından biridir. DEA Amadonu dövrünün ən böyük narkotik baronu hesab edir. ABŞ-a təyyarələrlə narkotik daşıdığına görə "Göylərin Hakimi" ləqəbini alıb.

Stopnarkotik.az xəbər verir ki, XX əsrin 90-cı illərində Amado Karrillo Fuentes FTB-nin ən çox axtarılan cinayətkarlar siyahısında 2-ci idi. 1 nömrə isə Üsamə bin Laden idi. ABŞ “islam terrorizminin simvolu" ilə “haqq-hesabı çürüdə” bilsə də, “Kappo” ləqəbli meksikalı narkotik satıcısı Amado Carrillo Fuentes onlar üçün əlçatmaz və toxunulmaz qaldı.

Heç kimə sirr deyil ki, insanın öz həyat yolunu seçməsində valideynlərinin ona miras olaraq ötürdüyü meyarlar, aşılanan dəyərlər, davranış nümunələri böyük rol oynayır. Əmisinin və atasının narkotik alveri ilə necə məşğul olduğunu hər gün izləyən balaca Amadonun kim olmaq, həyat yolunu necə cızmaq arzusunda olduğunu təxmin etmək asandır. Bu iş onlara bütün risklərlə yanaşı, fantastik gəlir gətirirdi. Buna görə də, Amado hələ kiçik vaxtlarında böyüyəndə kim olacağını çox yaxşı bilirdi.

1956-cı ildə Valter və Aurora Fuentes ailəsində anadan olan Amado ailənin 11 övladının birincisi idi. Anasının “Don Netto” ləqəbli qardaşı Ernesto Fonseca Karrillo o zaman artıq “Qvadalaxara” narkotik kartelində baş rollarda idi. Təbii ki, 1950-ci illərdəki narkokartellərin 1980-ci illərdəki narkokartellər qədər güclü hərbi texnikası yox idi. Əksinə, 50-ci illərin narkokartellərini zəif silahlanmış quldur dəstələri müşayiət edirdi. Buna baxmayaraq, “Qvadalxara” karteli hər il Cənubi Amerikadan ABŞ-a narkotik tranzitinin dövriyyəsini artırdı. Dəstə silah təchizatı baxımından çox kasad idi: mühafizəçilərin müşayiətində bir neçə yüklənmiş qatır Amerika ilə sərhədə aparan yollara düşürdü.

Hippi mədəniyyətinin çiçəklənməsi və marixuana ilə həşiş istehlakının dəfələrlə artması ilə hər şey dəyişdi. Narkodövriyyəyə 1970-ci illərdə onlara ton kolumbiyalı narkobaronlar tərəfindən təmin edilən kokain də qatıldı. Meksika narkotiklərin istehlakçıya quru yolla sərgüzəştinin ən vacib nöqtəsi idi və meksikalılar bundan yaxşı dividendlər aldılar.

1980-ci ildə Don Netto gənc bacısı oğlunu - Amadonu Çiuaua ştatının Ohinaqu şəhərində kokain reysini təftişə yolladı. Narkomafiyanın “boss”u öz əməkdaşlarının əliəyriliyindən şübhələnirdi. Bundan başqa, o, rəqibləri – “Ohinaqa Fox” dəstəsinin tranzit sxemi ilə maraqlandı. Bacıoğlu qarşıya qoyulan məqsədlərin öhdəsindən layiqincə gəldi. Fərasətsiz quldurlardan fərqli olaraq, Amado insanlarla ünsiyyət quraraq və alınan məlumatları təhlil edərək daha çox şey öyrəndi.

Məhz o zaman “Kappo” ləqəbi alan Amado Fuentes narkotik baronları arasında yaxşı münasibətlər qurmağı bacardı. Bunlardan birincisi məşhur Don Eskobar idi. Kolumbiyalılar gənc meksikalının polislə, məmurlarla, hətta rəqiblərlə işləri necə yoluna qoyduğuna heyran oldular.

1983-cü ildə “Qvadalaxara” kartelinin rəhbəri Rafael Aqilar Quaxardo qatillər tərəfindən güllələndi. Qətlin arxasında konkret kimin dayandığını öyrənmək mümkün olmadı. Don Netto o vaxt artıq həbsdə idi, kartelin hakimiyyəti bacısı oğluna keçmişdi. Kappo isə köhnəyə başçılıq etmir, "Xuarez" adlı yeni narkokartel qururdu. Bu ad Çiuaua əyalətindəki Syudad Xuarez şəhərinin şərəfinə seçilib. Amadonun ən yaxın köməkçisi qardaşı Visente Fuentes idi.

"Xuarez" karteli Şimali Amerikanın Texas ştatı ilə həmsərhəd olan bölgəni öz ərazisi hesab edirdi. Səhrada çoxsaylı narkotik ticarət marşrutları məhz oradan keçirdi. Əməliyyatlar zamanı əldən çıxan narkotikin həcmi Amadonu ciddi narahat edirdi. Narkobaron itkiləri necə azaltmağın üstündə baş sındırırdı. Yalnız iki çıxış var idi: hava yolu və yeraltı yol. Ən sadə və ən mümkün olan variant sərhədin altında tunellər qazmaq idi. Lakin 1980-ci illərdə miniatür xəndək qazma üsulları hələ mövcud deyildi və belə strukturları əl ilə qazmaq çox baha başa gəlirdi. Məhz bunun üçün təyyarələr və  aviastrukturlarda “ağızını bağlı tuta bilənlər” lazım idi.

Amado bu problemi həll edə bildi. O, Don Escobarla təyyarələrin alınması yolu ilə “200 milyon dolları yumaq” razılığına gəldi. Amma bu təyyarə parkı haradasa gizli saxlanmalı idi. Kappo burada da çıxış yolu tapdı. O, Meksikanın “Narkotiklərlə Mübarizə Agentliyi”nin rəhbəri, meksikalı general Xesús Qutierres Rebollonu rüşvətlə ələ aldı və sanballı mükafat müqabilində general kartelə təyyarə verdi. Laynerlər narkotikləri Meksikaya, sonra isə ABŞ-a daşıyırdı. Təyyarələr səhrada yerləşən özəl aerodroma enirdi. Narkotikləri havada daşıdığı üçün (bir təyyarədə 5 tona qədər!) Amado “Göylər Hakimi” ləqəbini aldı.

1989-cu ildə Amado Fuentes polis tərəfindən qəfil həbs olundu. Amma narkobaron kamerada bir gün belə keçirmədi. Yüksək maaşlı vəkillər bütün istintaq arqumentlərinin qarşısını almağa müvəffəq oldular və Kappo dəlil olmadığı üçün sərbəst buraxıldı.

Özünü rəqiblərindən üstün tutan Amado Fuentes onların narazılığına səbəb olurdu. Lakin yeni kartellərin aradan qaldırılma təhlükəsi qarşısında narkomafiya başçıları ittifaq yaratmağa üstünlük verdilər. Bu, "Üçbucağın Qızıl İttifaqı" adlanırdı. Buraya üç ştatın kartelləri daxil idi: Çiuaua, Duranqo və Sinaloa. Əvvəlcə hər şey olduqca yaxşı idi. “Sinaloa” kartelinin rəhbəri Xoakin Qusman Loera, adamlarına Çiuauadakı köhnə narkocığırlardan istifadə etmək üçün Amado Fuentes ilə danışıqlar apardı. Kappo narahat olmadı. Lakin Amado partnyorlara onun marşrutlarından istifadə etdiklərinə görə pul hesabı göndərəndə onlar ödəməkdən imtina etdilər. Bu halda isə müharibə qaçılmaz idi.

Əməliyyat otağında ölüm

Amadonun rəqiblərindən əsas fərqi o idi ki, o, adam öldürməkdən qaçırdı. Ancaq narkotik ticarəti kimi təhlükəli peşədə bu qaçılmaz idi. Odur ki, xüsusi xidmət orqanları tərəfindən narkokartelə sızmış 3 amerikalı agentin öldürülməsi əmrini verməli oldu. Həmin agentlərin eybəcər hala salınmış cəsədləri bir neçə ay sonra tapıldı.

Ancaq qan rəqibləri qorxutmadı və bizneslərini təhdid edən hər kəsi aradan qaldırmağa çalışdılar. Amado Carrillo Fuentes “Sinaloa” kartelinin əsas hədəfləri arasında idi. 1993-cü il dekabrın 24-də Amado həyat yoldaşı və bir neçə mühafizəçi ilə xoş axşam keçirmək üçün Mexiko şəhərindəki restoranlardan birinə gəldi. Bir neçə dəqiqə sonra naməlum şəxslər salona gələrək silahları çıxardılar. Fuentesin cangüdənləri onlarla atışmaya girdi, Amado tualetdə gizləndi, sonra təhlükəli yeri tərk etməyi bacardı.

1997-ci ilin yanvarında Meksika polisi Fuentesi həbs etmək üçün əməliyyata start verdi. Kiçik bacısının toyunun keçirildiyi malikanə xüsusi təyinatlılar tərəfindən mühasirəyə alındı. Amma Amado Fuentes yenidən qaçmağı bacardı. Sonradan məlum oldu ki, əməliyyata rəhbərlik edən mayor malikanədən çıxmağa görə ondan bir milyon dollar rüşvət alıb. Amma tale “Göylər Hakimi”ndən üz çevirmişdi.

1997-ci ilin iyulunda Amado Fuentes plastik əməliyyat üçün Mexikodakı nüfuzlu “Santa Monika” klinikasına getdi. Əsas məqsəd xarici görünüşünü dəyişdirmək idi. Eyni zamanda, narkotik patronu qarın liposaksiyası etmək qərarına gəldi. Əməliyyat zamanı əməliyyat otağında iki silahlı mühafizəçi olmasına baxmayaraq, işlər yolunda getmədi. Versiyalardan birində deyilir ki, Fuentes əməliyyat zamanı anesteziya nəticəsində ölüb. Digər versiya isə odur ki, narkobaron dördüncü gün ağrıkəsicilərdən özünə gəlmədən ölüb.

Bir neçə ay sonra bu əməliyyatda iştirak edən bütün həkimlər ölü tapıldı. Biri güllələndi, ikisi isə dəmir çəlləklərdə beton divarın içinə gömülmüş vəziyyətdə tapıldı.

Bir neçə gün sonra Fuentesin cəsədi Quamu Çilito kəndindəki ailə fermasına gətirildi. Dəfn mərasiminə qara şüşəli təzə “cip”lərdə qatılan bahalı geyimli adamlar böyük matəm çələngləri daşıdılar. Amado ilə vidalaşma yaxınlıqdakı şəhərdə təşkil edildi. Tabutun başında Fuentesin anası və üç qızı dayanmışdı. Lakin mərasimi xüsusi təyinatlıların qışqırıq səsləri yarımçıq qoydu. Polis narkobaronun mühafizəçilərini zərərsizləşdirdi və meyiti tabutdan çıxararaq naməlum istiqamətə apardılar.

Beləliklə, Mexikoda DNT mütəxəssisləri cəsədinin Fuentesə aid olduğunu təsdiqlədilər. Yalnız bundan sonra qohumlarına mərhumun dəfn edilməsinə icazə verildi.

Narkobaronun ölümündən sonra “Xuares” kartelində hakimiyyət onun oğlu, “Mühəndis” ləqəbli Visente Karrillo Leyvaya keçdi. Ancaq gənc oğlan, təəssüf ki, atasının malik olduğu əlaqələrə və qabiliyyətlərə sahib deyildi. Nəticədə, “Xuarez” karteli rəqiblərini bütün cəbhələrdə sıxışdırmağa başladı. Nəhayət, 2000-ci illərdə “Sinaloa” karteli “Xuares” kartelinin keçmiş ərazilərinin əksəriyyətinə nəzarəti ələ keçirə bildi. Və Amado Fuentesin oğlu “Mühəndis” ləqəbli Visente Karrillo Leyva həbs olundu və uzun müddətə məhkum edildi. Bununla da “Göylər Hakimi”nin narkotik imperiyası ömrünü sona vurdu. Necə deyərlər, su çanağı suda qırılar. Bu hekayənin xoşbəxt sonluğunun olması mümkün deyildi.

Hazırladı: Asya ŞÜKÜROVA,

Stopnarkotik.az