“Google” düşüncələrimizdən necə xəbərdar olur? – MARAQLI FAKTLAR

Ötən gün Rusiya məhkəməsi “Google”ni 15 milyon rubl və yaxud 165 min dollar həcmində cərimə edib. Səbəbsə çox sadədir. “Google” rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə xaricinə çıxarıb və ictimailəşdirib. Təbii ki, şəxsi məlumatların hansısa ikinci və üçüncü şəxs tərəfindən icazəsiz ictimailəşdirilməsi qanun pozuntusu, şəxsi həyata müdaxilədir.

Bəs, “Google” bizim şəxsi məlumatlarımızı necə əldə edə bilir?

Məsələyə ABŞ-ın “1452 Studio” şirkətinin baş mütəxəssisi Kəmalə Atak aydınlıq gətirib.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, “Google” yalnız axtarış sistemi olması ilk baxışdan yaranan təəssüratdır:

““Google”un bilmədiyimiz bir çox funksiyaları var. Çoxlarımız bundan xəbərsizik. “Google” bizi bizdən yaxşı tanıyır. Məsələn, telefonumuza davamlı olaraq yerləşdiyimiz məkana uyğun müxtəlif reklam rolikləri və təkliflər gəlir. Bu da o deməkdir ki, şirkət bizi anbaan izləyir. Təsadüfi deyil ki, hazırda hüquq mühafizə orqanları istədikləri vətəndaşın yerini telefon vasitəsi ilə çox asanlıqla təyin edirlər.

Bəzən deyirlər ki, “Android” cihazlarında və “iPhone”larda “Google” xidmətləri məxfilik parametrlərində məkan tarixçəsini deaktiv etsəniz, sizi izləmək qeyri-mümkün olacaq. Lakin bu yanlış fikirdir. Daha doğrusu bu “Google”-un iddiasıdır. Reallıqda isə istənilən telefon, hətta “iPhone” belə sönülü olanda “Google”un axtarış sistemi aktiv olaraq qalır.

Bu da onunla bağlıdır ki, “Google” hər birimizdən hər an pul qazanır.

Biz elə düşünürük ki, axtarış sistemi pulsuzdur. Lakin bizə təklif olunan “pulsuz” xidmətin arxasında böyük pullar oynayır. Bu da “Google”nin reklam xidmətidir”.

İKT mütəxəssisi onu da əlavə edib ki, “myactivity.google.com” ünvanında “Google” hesabınızın səhifələrində saxlanılan məkan markerlərini görə bilərik:

“Baxmayaraq ki, onlar adətən bir neçə fərqli başlıq altında səpələnirlər, onların çoxunun məkanla əlaqəsi yoxdur. Keçən il biznes xəbər saytı “Quartz” aşkar etdi ki, “Google” bütün yerləşdirmə xidmətləri qeyri-aktiv olsa belə, yaxınlıqdakı mobil telefon qüllələrinin ünvanlarını toplayaraq “Android” istifadəçilərini izləyir.

Bəzi hallarda toplanmış materiallar ictimailəşdirilir.

Məsələn, ötən il Almaniyanın sabiq kansleri Angela Merkelin 2016-cı ildə isə yeni prezident seçilmiş Donalt Tramp barədə şəxsi məlumatları sosial şəbəkələrdə yayıldı. Təsadüfi deyil ki, “Google” və digər sosial platformalar birbaşa qlobal güclərlə çalışır. Əldə olunan bütün məlumatlar həmin ölkələrin xüsusi xidmət orqanlarına ötürülür. Həmin məlumatlardan necə istifadə etməyi isə xüsusi xidmət orqanları çox yaxşı bilir. Bir sözlə digər platformalar kimi “Google” bizə xidmət göstərməklə yanaşı, bizi çox yaxşı izləyir”.