GÖMRÜK KOMİTƏSİNİN BİNASI YENİ NAZİRLİK ÜÇÜN HAZIRLANIR? – Büdcəni dolduran qurumlar birləşdirilə bilər...

“Dövlət Gömrük Komitəsi (DGK), Dövlət Vergi Xidməti (DVX) və Dövlət Xəzinədarlığı Agentliyi birləşəsi olsa, yeni qurum üçün DGK-nın təp-təzə inzibati binası da tam hazırdı”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazıb. “Keçən dəfə Dövlət Vergi Xidmətinin hesabına tikilən binaya İqtisadiyyat Nazirliyi sahib çıxmışdı". Ekspert güman edir ki, görünür, DVX üçün yenilik gözlənilir. O, vurğulayıb ki, uzun müddətdir, DGK təzə inzibati binaya köçə bilmir. “Sınıq-salxaq, döşəməsi çökən otaqlarda qalıblar. Elə bil kimsə qəsdən DGK-nın yeni binasının açılışını ləngidir”, - Osman Gündüz əlavə edib.

Xatırladaq ki, yanvarın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə naziri Samir Şərifov 19 il tutuduğu vəzifədən azad edilərək Baş nazirin müavini təyin edilib. Maliyyə naziri vəzifəsinə isə hələlik təyinat aparılmayıb. Hökumətə yaxın mənbələrdən mətbuata sızdırılan məlumata görə, yaxın günlərdə DGK, DVX və Maliyyə Nazirliyinin bəzi qurumları birləşdirilərək Dövlət Gəlirləri Nazirliyi yaradılacaq. İddia olunur ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni qurumun rəhbəri təyin ediləcək, bir sıra gənc kadrlar da onun müavinləri postuna gətiriləcək.

Osman Gündüzün ictimailəşdirdiyi fakt sözügedən informasiyaların əsassız olmadığı, hökumətdə yeni qurumun yaradılmasının texniki-təşkilatı işlərinə hazlıq getdiyi barədə təsəvvür yaradır.

Hökumətin bu qərara gəlməsinin əsas səbəbi kimi adıçəkilən qurumlarda şəffaflığın təmin olunması, maliyyə itkilərinin, korrupsiya və başqa neqativ amillərin aradan qaldırılması, idarəetmənin mobilləşdirilməsi ehtiyacı ilə izah olunur. Qeyd olunur ki, artıq bu addım dövlətə məxsus təsərrüfat hesablı şirkətlərin, nəqliyyat sektorunda fəaliyyət göstərən dövlət qurumlarının idarə edilməsində tətbiq olunur. Hökumət rəhbərliyi ilkin nəticələrdən razı qalıb və bu təcrübənin dövlət gəlirləri sahəsində tətbiq edilməsi qərara alınıb./azpolitika.info