Gizli yolla Gürcüstana getmək istədi, cərimə olundu

Balakən rayonunda meşə vasitəsilə dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə Gürcüstana keçmək istəyən şəxslə bağlı məhkəmə qərar verib. 

Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, 16 avqust 2022-ci il tarixdə 1997-ci il təvəllüdlü Elşən (ad şərti) adlı şəxs Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

18 avqust 2022-ci il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Lakin Elşən bu ilin oktyabr ayına kimi istintaqdan yayınaraq, Bakı şəhərində gizlənib. Bakı şəhəri ərazisində keçirilən əməliyyat zamanı Nizami rayonunda tutulub və Balakən rayon Polis Şöbəsinə aparılıb. 3 oktyabr 2023-cü il saat 06:00-dan 24 oktyabr 2023-cü il saat 13:20-ə kimi tutulub həbsdə saxlanılıb. 

Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirib ki, işsizlikdən əziyyət çəkdiyi üçün həm işləmək, həm də gəzmək məqsədi ilə Gürcüstana getmək qərarına gəlib. O, Lənkəran rayonundan avtobusla əvvəlcə Bakı şəhərinə gəlib, burdan isə Zaqatalaya gedib. Həmin gün Zaqatala rayonuna çataraq gecəni küçədə qalıb. 16 avqust 2022-ci il tarixdə piyada hərəkət etməklə Zaqatala rayonundan Balakən rayonuna gedib. Həmin gün Balakən rayonunda meşədə qaldıqdan sonra 17 avqust 2022-ci il tarixdə tək dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə Gürcüstana getmək istədiyi zaman çayın yaxınlığında sərhədçilər tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə Elşən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla 1500 manat miqdarında cərimə edilib.