Generalın qardaşı arvadına qarşı 100 min manata yaxın dələduzluq - MƏHKƏMƏ QƏRAR VERDİ

Bakıda FHN əməkdaşının həyat yoldaşına qarşı dələduzluqda təqsirləndirilən Raida Ağayevanın (soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Ağayeva beş il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə dəymiş ziyanın çox hissəsi ödənildiyindən ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib.

Xatırladaq ki, dələduzluqla üzləşmiş Nübar Məmmədova Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Malik Məmmədovun xanımıdır. M.Məmmədov isə fövqəladə hallar nazirinin müavini olub və 2022-ci ildə vəfat edən general-leytenant Nazim Məmmədovun qardaşıdır.

Təqsirləndirilən şəxs R.Ağayeva N.Məmmədovun qızı Sura Məmmədovanı kitabxanaçı kimi işə düzəltmək adı ilə onunla razılaşıb və qadının kursa yazılması üçün ondan 300 manat alıb. Bir müddət sonra S.Məmmədova Türkiyədə vəfat edib.

Hadisədən bir müddət sonra R.Ağayeva N.Məmmədova ilə əlaqə saxlayaraq, məhrum əri Malik Məmmədovun adına bir neçə yerdə torpaq sahəsinin olduğunu bildirib. Əlavə edib ki, Elay adlı tanışının vasitəsilə həmin torpaq sahələrini N.Məmmədovanın adına rəsmiləşdirə bilər. O bu məqsədlə N.Məmmədovadan ayrı-ayrı vaxtlarda 98 min 300 manat alsa da, torpaq sahələrinin rəsmiləşdirilməsi ilə bağlı heç bir iş görməyib.

N.Məmmədova məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və faktla bağlı cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan istintaq dövründə qadın dəymiş ziyanın əksər hissəsini ödəyib./oxu.az