Venesuela Milli Silahlı Qüvvələrinin (FNAB) adı açıqlanmayan generalı bəyanat verib ki, narkokartellərə ”İqla” hava hücumundan müdafiə raket sistemlərini verən istənilən əsgər hərbi cinayətə görə mühakimə oluna bilər.
Stopnarkotik.az xəbər verir ki, bu barədə jurnalist Sebastian Barraesin “Infobae”də dərc olunan məqaləsində deyilir.
General bildirib ki, “cinayətkar qruplara, narkotik alverçilərinə, partizanlara və ya rejim radikallarına” silah verən Hava Hücumundan Müdafiə Qüvvələrinin şəxsi heyəti bu cür hərəkətlər milli və regional təhlükəsizliyə ciddi təhlükə törətdiyinə görə hərbi tribunala çıxarılacaq.
Xəbərdarlıq ABŞ-ın Karib hövzəsində narkotiklərlə mübarizə apardığı son əməliyyatlar fonunda verilib. General müdafiə sistemlərinin pisləşməsini, texniki xidmət göstərilməməsini və əsas hərbi texnikanın itirilməsini əsas gətirərək Venesuelanın “ABŞ ordusunun texnoloji qüdrətinə ənənəvi vasitələrlə müqavimət göstərmək gücünə malik olmadığını” etiraf edib. O, öz təhlilində Vaşinqtonun tətbiq etdiyi texnologiya embarqosu səbəbindən köhnəlmiş F-16-ların istifadəsini istisna edib. O, həmçinin bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinin “əməliyyat hazırlığı” silah sistemlərinin işləməməsi, artilleriya silahlarının itməsi və dəniz gəmilərinin batması səbəbindən “son dərəcə azalıb və pisləşib”.
General cinayətkar və terror təşkilatlarının liderlərinin “çıxarılması, neytrallaşdırılması, zərərsizləşdirilməsi” üçün hərbi əməliyyatlara dəstəyini ifadə edib və Edmundo Qonzales Urrutiyi nəzərdə tutaraq, ABŞ-ın “qanuni hökumət”lə əməkdaşlıqda etdiyi çoxmillətli yardımın mümkünlüyünü alqışladı.
Generalın sözlərinə görə, bu beynəlxalq dəstək “gündəlik olaraq Venesuelalıları təhdid edən” təhdidlərə qarşı durmaq, həmçinin region ölkələrinin maraqlarını və ABŞ-ın təhlükəsizliyini qorumaq üçün mühüm əhəmiyyət kəsb edəcək. O, həmçinin vurğulayıb ki, bu, “Günəş Karteli” də daxil olmaqla, terror və narkoticarətin qarşısını almaq üçün strategiyadır.
Stopnarkotik.az