ƏFSANƏYƏ ÇEVRİLƏN CİNAYƏTKARLAR... - Məşhur narkobaronların həyatı və inanılmaz varidatları

Dünyanın məşhur narkobaronlarının həyatı hər zaman diqqət mərkəzində olub. Bu şəxslərin başında əfsanəvi Pablo Eskobar gəlsə də, ondan heç də geri qalmayan cəsarətli, qəddar və zəngin narkobaronlar da az olmayıb. 

Stopnarkotik.az xarici KİV-lərə istinadən adları "ilk onluq"da olan narkobaronlar haqda qısa məlumatları təqdim edir:

Frenk Lukas

Varidatı: 50 milyon dollar

Frenk Lukas Vyetnamda müharibə zamanı həlak olmuş amerikalı əsgərlərin tabutlarında kiloqramlarla narkotik vasitələri gizlədərək Asiyadan ABŞ-a daşımaqla varlanıb. 70-ci illərdə həbs edilən narkobaron 70 il müddətinə azadlıqdan məhrub edilib, lakin o, müttəfiqlərini satıb və bu da yüzdən çox şəxsin həbs olunmasına gətirib çıxarıb. 5 il həbsdə yatan Lukas azadlığa çıxıb, amma bir il sonra kokain alışı zamanı yenidən ələ keçib. 1991-ci ildə azadlığa çıxıb, 2019-cu ildə vəfat edib. Onun bioqrafiyasının motivləri əsasında “Qanqster” adlı film çəkilib.

Xose Fiqeroa Aqosto

Varidatı: 100 milyon dollar

Xose Fiqeroa Aqosto, həmçinin Cunior Kapsula və “Karib adalarının Pablo Eskobarı” ləqəbləri ilə məşhurdur. Kolumbiya kokaininin Puerto-Riko və Dominikan Respublikası vasitəsilə ABŞ-a göndərilməsinə nəzarət edib.

1999-cu ildə 209 il həbs cəzasına məhkum olunandan sonra həbsxanadan qaçıb, xarici görkəmini bir neçə dəfə dəyişdirib və yenidən dəmir barmaqlıqlar arxasına düşməməsi üçün polisə dəfələrlə böyük məbləğdə rüşvət verib. Hazırda Xose həbs cəzası çəkir, onun 100 milyonu isə yalnız ona məlum olan gizli yerdə saxlanılır.

Nikki Barns

Varidatı: 105 milyon dollar

O, hələ gənc yaşda heroin istifadə etməyə başlayıb. Sonra qərara alıb ki, narkotiki satmaq almaqdan daha yaxşıdır. Beləliklə, onun qızğın karyerası başlayıb.

70-ci illərdə o, çoxsaylı həbslərə görə özünü “Cənab Toxunulmazlıq” elan edib. Bununla da, Amerika Prezidenti Cimmi Karteri və polisi çox hiddətləndirib.

Barnsa ömürlük həbs cəzası verilib. Narkotik alverçisi uzun müddət informator işləyərək ədalət mühakiməsinə kömək edib. Xidmət illərinə görə o, 1998-ci ildə əfv edilərək azadlığa buraxılıb.

Pol Lir Aleksander

Varidatı: 170 milyon dollar

Pol Lir Aleksandr və ya sadəcə El Parito Loko bir müddət Narkotiklərlə Mübarizə İdarəsinin informatoru işləyib. Həmin vaxt o, rəqiblərini sataraq və öz işi üçün möhkəm əlaqələr quraraq, biznesini fəal şəkildə genişləndirib.

2010-cu ildə Braziliya həbsxanasından qaçıb və indiyədək axtarışdadır.

Frivey Rik Ross

Varidatı: 600 milyon dollardan çox

80-ci illərdə krek satıb və yarım milyondan artıq dollar qazanıb. 1996-cı ildə ömürlük həbs cəzasına məhkum edilib, hansı ki, əvvəlcə 20 ilə qədər azaldılıb. Nəticədə, 10 ildən sonra “nümunəvi davranış”ına görə azad edilib.

Rafael Karo Kintero

Varidatı: 650 milyon dollardan çox

Rafael Karo Kintero 80-ci illərdə fəaliyyət göstərən Meksikanın Qvadalaxar narkokartelinin təsisçisidir. Kriminal fəaliyyəti dövründə pilot və federal agent daxil olmaqla, bir neçə insan öldürüb. 1985-ci ildə qətl törətdiyi üçün həbs edilib və 2013-cü ildə Meksika həbsxanasından azadlığa buraxılıb. Lakin Qinteronun azadlığa buraxılması ABŞ hökumətinin ürəyincə olmayıb və onun yenidən həbs olunması tələb edilib. Hazırda Kintero Meksika, Amerika və bir sıra digər ölkələrdə axtarılır.

Hoakin Qusman Loera

Varidatı: 1 milyard dollar

Hoakin Qusman və ya El Çapo “Sinaloa” kartelinin lideridir. Onun əsas fəaliyyəti Amerikadan kokain, heroin və marixuananın tədarükündən ibarət olub.

Narkotiklərlə Mübarizə İdarəsi Qusmanı tarixdə ən nüfuzlu narkotik alverçisi hesab edir.

El Çapo bir neçə dəfə həbsxanadan qaçıb, lakin hazırda həbsdədir. Narkobaronu 2016-cı ildə amerikalı aktyor Şon Penlə görüşdükdən sonra həbs ediblər. Bu görüş hüquq-mühafizə orqanlarına El Çaponun izinə düşməyə kömək edib.

Qriselda Blanko

Varidatı: 2 milyard dollar

Blanko 70-ci illərdə imperiyasını quraraq, narkobiznes pionerləri arasında olub. Xalq arasında “Kokainin xaç anası” adlandırılan qadın “Medellin” kartelinin rəhbəri olub.

O, üç dəfə ailəli olub, bütün ərlərini itirib (məlumata görə, ikinci ərini özü güllələyib).

2012-ci ildə yanından keçən motosikletçi (kimliyi naməlumdur) tərəfindən güllələnib.

Karlos Leder

Varidatı: 2,7 milyard dollar

Leder “Medellin” kartelinin təsisçilərindən biri, narkobiznesdə çoxsaylı yenilikləri ilə məşhurdur. Marketinq aksiyasını fikirləşib – “birinci doza pulsuzdur”. Bir vaxt Leder öz biznesini leqallaşdırmaq istəyib və Kolumbiya Prezidentinə ölkənin bütün xarici borcunu tamamilə ödəməyi təklif edib.

Rəsmi məlumatlara görə, hazırda Amerika həbsxanasında cəza çəkir. O, 135 il müddətinə azadlıqdan məhrub edilib. Onun həbs yerinin dəqiq yeri məlum olmadığından, şayiələr gəzir ki, o, şahidlərin müdafiəsi proqramına düşüb və çoxdan azadlıqdadır.

Amado Karrilo Fuentes

Varidatı: 25 milyard dollardan çox

Amado Fuentes kokaini təyyarələrlə nəql etdiyi üçün “Göylərin Hökmdarı” adını alıb. Fuentes həmişə kölgədə qalmağa çalışsa da, Amerika polisi hər yerdə cinayətkarı tapmağa çalışıb. Buna görə də narkobaron plastik əməliyyatlar vasitəsilə görünüşü dəyişdirmək məcburiyyətində qalıb. Lakin Fuentes əməliyyat zamanı dünyasını dəyişib. Onun ağrıkəsici preparatların təsirindən vəfat etdiyi ehtimal olunur.

Pablo Eskobar

Varidatı: 30 milyard dollar

“Forbes” jurnalının hesablamalarına görə, Eskobar dünyada bütün kokain biznesinin 80 faizinə nəzarət edib.

Tarixdə ən təhlükəli və qəddar cinayətkarlardan biri sayılır. Onun hesabında siyasətçilər, hakimlər, jurnalistlər, polislərin qətlə yetirilməsi və hətta mülki təyyarənin partladılması var.

Narkobaronun oğlu Sebastyan Marrokin (Xuan Pablo Eskobar) danışırdı ki, növbəti dəfə hökumət agentlərindən gizlənən Eskobar oğlu və qızı ilə birlikdə yüksək dağlıq sığınacağa gedib çıxıb. Gecə çox soyuq keçib. İsinmək və yemək hazırlamaq üçün Eskobar təxminən 2 milyon dollar pul yandırıb.

Stopnarkotik.az