FRANSANIN “SUYA DÜŞƏN” İMPERİYA NOSTALGİYASI - Nigerdəki dövlət çevrilişi rəsmi Parisin Avropaya “ağalıq etmək” istəyini puç edir

Keçən həftə Fransanın daha bir eks-müstəmləkəsi Niger onun təsiri altından çıxdığını elan etdi. Rəsmi olaraq dövlət çevrilişi baş verdi. Afrikada ictimai əhval-ruhiyyə üsyançıların tərəfindədir. "Sizin Nigeri nigerlilərə, Nigeriya uranını öz vətəndaşlarına qaytarmaq üçün tarixi fürsətiniz var", - deyə Pan-Afrikaçı Kemi Seba müraciətində yazıb.

Xatırladaq ki, bir gün əvvəl Niger Fransaya uran və qızıl ixracını dayandırıb. Bunu hakimiyyətə gələn Vətəni Müdafiə Milli Şurasının (CNSP) rəhbərliyi bəyan edib.

Bu baş verənlərə cavab olaraq isə, Fransa Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumu azad etmək üçün hərbi əməliyyata hazırlaşır. Bunu qiyamçıların yaratdığı Vətəni Xilasetmə Milli Şurasının rəsmi nümayəndəsi polkovnik Amadu Abdraman deyib.

Onun sözlərinə görə, Nigerin baş naziri səlahiyyətlərini icra edən Hassumi Məsud Parisə prezident sarayına hava zərbələri endirməyə icazə verib.

Hazırda Nigerin hərbi xuntası ölkənin keçmiş xarici işlər naziri və baş nazirini prezident Bazumu azad etmək üçün Fransaya “hərbi hücumlara” çağıran sənəd göndərməkdə ittiham edir. Bununla da vəziyyət gərginləşir.

Ölkələrin münasibətlərinin sıxlığı təkcə göndərilən tankların sayı ilə deyil, həm də insanların danışdığı dillə müəyyən edilir. Burkina Faso, Mali və Niger kimi ölkələr hələ ki, frankofon olaraq qalır və buna görə də Fransa mədəniyyətinə inteqrasiya olunub və bu əlaqələri asanlıqla qırmaq mümkün deyil. Yeri gəlmişkən, bu gün Malidə fransız dilinin rəsmi dil statusundan məhrum edildiyi xəbəri yayılıb. Bu, artıq Fransanın təsirinin real azalmasıdır, lakin bunun nəticəsi o qədər də tez olmayacaq.

Nigerdə ​​“mükəmməl çevriliş” oldu, yəni proses kənar təsir olmadan baş verdi. Bu, kənar xüsusi xidmət orqanlarından ilhamlanan çevriliş deyildi, məhz leninçi düsturla uyğun gələn çevriliş idi - xalqın sosial-iqtisadi həyatı xeyli pisləşmişdi, “yuxarılar” da narazı idi. Yəni inqilab təbii axarı ilə meydana çıxmışdı. Bununla belə, təbii axarlı inqilab görüntü idi. Nigerdə ​​baş verən hər şey ölkə daxilində müəyyən güc qütbləri arasındakı qarşıdurmadan qanyaqlanır.

Makron rejiminin təmsil etdiyi Fransa Rusiya üçün düşmən ölkədir (bəlkə də üzdə belədir), Kiyevə hərbi yardım göstərir və Rusiyanın Qara Qitədəki istənilən fəaliyyəti Fransa mediasında əsl isteriya yaradır. Bütün bu faktları nəzərə alsaq, Rusiya üsyançıları dəstəkləməsə, sadəcə susmaq məntiqli olardı. Lakin xarici işlər naziri S.Lavrov “çevrilişin qanunsuz olduğunu” bəyan edərək, Qərb təbliğatının əsas tezisini təkrarladı. Fransanın Nigerdəki səfirliyi qarşısında etirazçılar isə Rusiya bayraqları ilə toplaşdılar.

Etirazçılar “Fransanın Nigerdəki səfirliyi” yazısı olan lövhəni cırıb, onu torpaqda tapdalayıb, yerinə Rusiya və Niger bayraqları qoyublar. İnsanlar Fransa əleyhinə şüarlar səsləndirir və Nigerdəki xarici bazaların bağlanmasını tələb edirlər.

Amma maraqlıdır ki, Fransanın “Orano” korporasiyası Nigerdə ​​uran hasilatını davam etdirir, hərbçilərin üsyanı onun fəaliyyətinə təsir etməyib, Bu barədə “Le Monde” yazır.

Orano 50 ildən artıqdır ki, ölkədə fəaliyyət göstərir və Arlit ərazisində dünyanın ən böyük yataqlarından birini işlədir.

Şirkət nümayəndələri üsyandan sonra vəziyyətin normal olduğunu, işçilərlə əlaqənin yerində olduğunu deyirlər. Təxminən 300 Niger əsgərindən ibarət mühafizəçilərin sayı dəyişməyib. Göründüyü kimi, ticarət əvvəlki tək fəaliyyət göstərir.

Afrikadan Fransanın çıxarılması fonunda maraqlı gəlişmələr inkişaf etməkdədir. Fransanın çıxarılması Böyük Britaniya ilə ABŞ tandeminin irəliləməsi ilə müşayiət olunur. Belə ki, Nigerdəki hakimiyyət çevrilişindən sonra Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Britaniyanın Afrika ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı fəallaşdırmalı olduğunu bildirib.

Xarici işlər nazirinin sözlərinə görə, hökumət Afrika ordusu hissələrinin britaniyalı təlimatçılar tərəfindən təlim keçməsi ilə bağlı Afrika dövlətlərinin rəhbərlərinin yeni imkanları və xahişlərini nəzərdən keçirməyə hazırdır.

Nazir Kleverli bu gündəm çərçivəsində dörd günlük ziyarət gedişində Qana, Nigeriya və Zambiyaya səfər edəcək. Onun məqsədi qitə ölkələri ilə qarşılıqlı faydalı ticarət əlaqələri qurmaqdır. O, həmçinin hesab edir ki, Qərb Afrikaya Rusiya və ya Çinin yanaşmasından fərqli olaraq daha sərfəli inkişaf variantları təklif etməlidir. Əlbəttə, Britaniyalı nazirin açıqlamasında Qərbin Afrikaya fərqli baxış sərgiləməli olduğu səsləndirilsə də, əslində Rusiyanın Afrikada “yerini bərkitməsi” gələcəkdə Çinə qarşı ABŞ-Britaniya tandeminin yanında yer almağı vəd edə bilər. 

“The New York Times” isə yazır ki, Afrikadakı çevrilişlər ABŞ-ı təhdid edir, lakin Rusiyanın yolunu açır.

Qəzetin qeyd etdiyi kimi, Niger prezidenti Məhəmməd Bazumun devrilməsi Mərkəzi Afrika ölkələrinin Qvineyadan Sudana qədər olan zolağı blokladı, burada siyasi liderlər zorla hakimiyyətdən uzaqlaşdırıldı.

Məqalə müəllifinin fikrincə, bu tendensiya ABŞ-ı qorxudur, o, hər dəfə regionda nüfuzunu getdikcə itirərək öz yerini Rusiyaya verir.

"Keçən həftəyə qədər Niger Pentaqonun regional strategiyasının təməl daşı idi. Ölkədə ən azı 1100 ABŞ əsgəri yerləşib və ABŞ Niameydə və şimaldakı Aqadez şəhərində pilotsuz təyyarə bazaları tikib, onlardan biri 110 milyon dollara başa gəlib. İndi bütün bunlar təhlükə altındadır”, qəzet yazır.

“The New York Times” yazır ki, Rusiya özünü anti-Qərb əhval-ruhiyyəsinin “məşəl tutanı” kimi göstərir və Moskva Afrika dövlətlərində anti-Fransa ritorikasını canfəşanlıqla dəstəkləyir.

Fikrimizcə, məqalə müəllifi yanlış mübaliğəyə qapılır. Rusiyanın Afrikada genişlənməsi “piştaxta altında” anti-Çin və ABŞ-Britaniya tandeminin əlinə oynayacaq “kozırdır”.  Burada maraqlı sual ortaya çıxır - Fransanın Afrikada “gözümçıxdıya” salınması yalnız onu zalım və qəddar müstəmləkəçi keçmişindənmi qaynaqlanır? Fikrimizcə, yox! Fransa Çinin Avropadakı əsas “maşa”sıdır və ona qarşı “oyundan çıxarılma” siyasətinin səbəbi də budur. Görünür, Çinlə tərəfdaşlıq Parisə çox şey vəd edir və “imperialist nostalgiyası” aşıb-daşan Fransa ən azı onun özü qədər Avropanın sənaye ölkəsi olan Almanyanı buynuzlayır. 

Buna sübut kimi misal çəkə bilərik ki, iyulun 30-da Fransanın maliyyə naziri Bruno Lemari Çin Baş nazirinin müavini və “Səma İmperiyası”nın digər yüksək vəzifəli şəxsləri ilə görüşüb. Lemarinin danışıqlarda dediyi sözlər Fransanın Aİ-də ən yaxın müttəfiqi olan Almaniyanın mövqeyi ilə bir qədər ziddiyyət təşkil edir.

Görüşdə Lemari Parisin Çindən (iqtisadi mənada) "qopmaq" fikrində olmadığını bildirib. Əksinə, o qeyd edib ki, Fransanın Çin bazarına daha çox sərbəst çıxışı lazımdır.

Fransa Maliyyə Nazirliyi də daha bir kovid epidemiyasının birdən baş verə biləcəyini və hazırlıqlı olmağın gərəkdiyini irəli sürərək ölkəsinin tədarük zəncirləri ilə bağlı "risklərin azaldılmasına" diqqət yetirdiyini vurğulayıb. Lemari fransızların Çin investisiyalarına olan marağını da qeyd etməyi unutmayıb.

Təbii ki, Beşinci Respublika Çinlə münasibətləri hətta 2018-19-cu illərin səviyyəsinə qaytara bilməyəcək. Bununla belə, xüsusilə iqtisadi istiqamətdə müəyyən stabilləşmə əldə oluna bilər, Makronun apreldəki Pekin səfəri buna sübutdur.

Bundan əlavə, Lemarinin iki tezisi ən mühüm əsas kimi önə çıxır:

1) Fransa Çindən investisiya gözləyir;

2) Fransa Aİ və Çin arasında dialoqun sabitləşməsini təmin edə bilər.

Müqayisə üçün qeyd edək ki, Almaniyanın Çinlə münasibətlərə dair yeni strategiyasında deyilir ki, Almaniya;

a) Çin investisiyalarında riskləri görür və onları yoxlayacaq;

b) bəzi məsələlərdə AB ilə münasibətlərdə Çin üçün vasitəçi olmaq niyyətində deyil.

Bəs, Paris Berlinə meydan oxuyur? Yox! Lakin Makron Avropa diplomatiyasının və bütövlükdə Aİ-nin sözsüz lideri rolunu Almaniyaya vermək fikrində deyil. Buna görə də o, təkcə Çinlə ikitərəfli münasibətləri deyil, həm də çoxtərəfli marşrutu (Aİ daxilində) fəal şəkildə inkişaf etdirməyi planlaşdırır.

Beləliklə, aydın olur ki, Fransa Avropanın başında duraraq, imperiya nostalgiyasına yenidən nəfəs vermək fikrindədir və burada Çinlə əl-ələdir. Görünür, bu səbəbdən Fransa Afrikadan qovulur. Əks təqdirdə Paris Çinin Afrikaya yiyələnməsində də “əlbuyruqçu” rolunu oynaya bilər və bəlkə də bu rolu onyamaqdadır. Onun gözümçıxdıya salınmasının da səbəbi budur.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA