Əfqanıstanda metamfetamin qaçaqmalçılığı kəskin artıb - SON 4 İLDƏ 10 DƏFƏDƏN ARTIQ... / YENİLƏNİB

“Əfqanıstan dünyanın ən sürətlə böyüyən metamfetamin istehsalçısıdır”.

Stopnarkotik.az xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin bazar günü dərc olunan hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, “Taliban” 2021-ci ilin avqustunda hakimiyyətə qayıtdıqdan sonra narkotiklərə qarşı müharibə elan etsə də, ölkə hazırda əsas tiryək istehsalçısı və heroinin mənbəyi hesab olunur.

BMT hesab edir ki, Əfqanıstanda metamfetamin əsasən qanuni yolla əldə edilən kimyəvi maddələrdən (dərmanlardan) və ya təbiətdə bitən efedra bitkisindən istehsal olunur.

BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi Əfqanıstanda metamfetamin istehsalını milli və regional təhlükəsizliyə artan təhlükə adlandırır. Hesabatda bildirilib ki, Avropa İttifaqı və Şərqi Afrikada mənşəyi Əfqanıstan olduğu güman edilən külli miqdarda metamfetamin ələ keçirilib:

“2019-cu ildə il ərzində 100 kiloqramdan (220 funt) az metamfetamin ələ keçirilsə də, 2021-ci ildə təxminən 2,700 kiloqrama (6000 funt) yüksəlib ki, bu da istehsalın artdığını göstərir”.

BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin məsul əməkdaşı Angela Meh “Associated Press”-ə bildirib ki, Əfqanıstanda metamfetamin istehsalı, heroin və ya kokain istehsalı ilə müqayisədə, xeyli üstünlüklərə malikdir: “Çünki bunun böyüməsini gözləmək lazım deyil. Eynilə torpağa ehtiyac da yoxdur. Sizə sadəcə bunu istehsal edə biləcək mütəxəssislər, gizli və mobil laboratoriyalar lazımdır.

Əfqanıstanda həmçinin ən böyük metamfetamin istehsal edən ölkələrdə rast gəlinməyən efedra bitkisi yetişdirilir. Bu, Əfqanıstanda qanuni şəkildə əkilir və hər yerdə böyüyür”.

Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kani AP-yə bildirib ki, “Taliban” hökuməti Əfqanıstanda bütün zəhərli maddələrin və narkotiklərin becərilməsi, istehsalı, satışı və istifadəsini qadağan edib.

Səlahiyyətlilər qanunsuz narkotiklərin yetişdirildiyi, emal edildiyi və ya istehsal edildiyi 644 fabrik və təxminən 12,000 hektar ərazini dağıdıb. 5000-dən çox reyd keçirilib və bu reydlər zamanı 6000 nəfər həbs edilib.

“Biz bu işin 100% tamamlandığını deyə bilmərik, çünki insanlar hələ də gizli şəkildə bu fəaliyyətlərə cəlb oluna bilər. Bu qədər qısa müddətdə onu sıfıra endirmək qeyri-mümkündür”, - deyən Kani daha sonra əlavə edib: “Amma bizim ümumilikdə narkotiklərə, xüsusən də metamfetaminə son qoyacaq dörd illik strateji planımız var”.

Xatırladaq ki, BMT-nin noyabr ayında dərc etdiyi hesabatda “Taliban” hərəkatının hakimiyyəti ələ keçirdikdən sonra ölkədə tiryək becərilməsinin əvvəlki illə müqayisədə 32% artdığı və qiymətinin də yüksəldiyi bildirilirdi. Üstəlik, o da qeyd olunurdu ki, yerli fermerlərin tiryək satışından əldə etdiyi gəlir 2019-cu ildə 425 milyon ABŞ dolları idisə, 2022-ci ildə 1,4 milyard dollara çatıb.

2022-ci il hesabatında həmçinin deyilirdi ki, Əfqanıstan iqtisadiyyatı kiçildikcə qeyri-qanuni narkotik bazarı “çiçəklənir” və insanlar yaşamaq üçün qanunsuz  şəkildə narkotik yetişdirməyə başlayır.

Media ilə danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən Əfqanıstan səhiyyə rəsmisi, təxminən 20.000 adamın əsasən metamfetamin asılılığı səbəbindən xəstəxanalarda olduğunu söyləyib. Həmin xəstələrdən 350 nəfəri qadındır. O, uşaqların da müalicə olunduğunu desə də, onların sayını, yaşını açıqlamayıb.

Hazırladı: Stopnarkotik.az

***

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" rejimi tiryək xaşxaşını qadağan etdikdən sonra ölkədə sintetik narkotik olan metamfetamin ticarəti kəskin artıb.

Stopnarkotik.az AFP-yə (“Agence France-Presse”) istinadən xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin hesabatında qeyd olunur.

BMT-nin məlumatına görə, Əfqanıstanda və qonşu ölkələrdə narkotik reydləri zamanı ələ keçirilən metamfetaminin həcmi 12 dəfə çoxalıb. Belə ki, 2017-ci ildə 2,5 ton metamfetamin ələ keçirilmişdisə, 2021-ci ildə 29,7 tona qədər artıb. BMT ekspertləri bu artımı Əfqanıstanda sintetik narkotik istehsalının genişlənməsi ilə əlaqələndirirlər.

AFP yazır ki, "Taliban" hərəkatı BMT-nin bəyanatlarını rədd edərək, bunu "əsassız ittihamlar" adlandırıb. Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, "Taliban" hökuməti narkotiklərlə “ciddi mübarizə aparır”.

BMT-nin məlumatına görə, Əfqanıstanda metamfetamin ölkədə mövcud olan narkotik tərkibli bitkilərdən daha az istehsal olunur və bunlar daha çox soyuqdəymə dərmanından sintez olunur.

Stopnarkotik.az