Əfqanıstanın dünya narkotik istehsalının əsas qaynağı olması arxa plana keçir və öz yerini Myanmaya təhvil verir. Belə ki, Myanma hazırda dünyanın ən böyük tiryək istehsalçısıdır.
Stopnarkotik.az bu barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) açıqlamasına əsasən bildirib. 2021-ci il dövlət çevrilişindən sonra baş verən iqtisadi-siyasi böhran və ordu ilə silahlı qruplar arasında genişlənən münaqişə əhalini tiryək yetişdirməyə sövq edir.
UNODC-nin məlumatına görə, Myanma ötən ilin aprelində Talibanın tiryək becərilməsini qadağan etdiyi Əfqanıstanı keçib və bu, 95 faiz azalma ilə nəticələnib.
Vəziyyət getdikcə pisləşir. Belə ki, “2021-ci ilin fevralında baş vermiş hərbi çevrilişdən sonra baş verən iqtisadi, siyasi və təhlükəsizlik problemləri ölkənin ucqar bölgələrində yaşayan fermerləri dolanmaq üçün tiryək istehsalına üz tutmağa sövq etməkdə davam edir”, - deyə UNODC-nin Regional Nümayəndəsi Ceremi Duqlas bildirib.
Oktyabr ayında xunta ilə silahlı etnik qrupların ittifaqı arasında başlayan qarşıdurma ölkənin üçdə ikisindən çoxunu əhatə edib və Myanma ordusu əsas əhali mərkəzlərinə nəzarəti itirib.
Duqlasın irəli sürdüyü ehtimala görə, Şan ştatında və digər sərhədyanı ərazilərdə eskalasiya tiryək xaşxaş becərilməsinin genişləndirilməsi tendensiyasını artıracaq.
UNODC məlumat verir ki, tiryək istehsalının 20 faiz artması narkotik istehsalı və qaçaqmalçılığı üçün mərkəz hesab edilən "Qızıl Üçbucaq" adlanan ərazidə yerləşən Şan əyalətində qeydə alınıb.
Myanmada bu il xaşxaş məhsulunun 2022-ci ilə nisbətən 36 faiz yüksək olduğu təxmin edilib ki, bu da fermerlər və onların müştəriləri tərəfindən yenilənmiş əkinçilik texnikalarına, suvarma sistemlərinə və gübrələrə investisiyaları əks etdirir.
Tiryək becərilməsinin genişləndirilməsi Mekonq çayı hövzəsi ölkələrində qeyri-leqal iqtisadiyyatı - sintetik narkotiklərin istehsalı və ticarəti, çirkli pulların yuyulması və qeyri-qanuni onlayn kazinolar və fırıldaqçılığı genişləndirir.
“Myanmadakı böhran regionda cinayət və idarəetmə problemlərini daha da gücləndirir. Cənub-Şərqi Asiya həm çoxdankı, həm də yeni təhlükələrə qarşı birləşməlidir”, - deyə Duqlas bildirib.
Stopnarkotik.az