Forbes: Azərbaycan enerji və nadir torpaq ehtiyatları üzrə ABŞ-ın strateji tərəfdaşına çevrilir

Azərbaycanın Mərkəzi Asiya blokuna qoşulması ABŞ və Avropa üçün yeni geosiyasi imkanlar açır.

Stopnarkotik.az yazır ki, "Forbes" bundan söz açıb. 

"Bu blok Qərb ölkələri ilə əlaqələri gücləndirir, enerji, vacib minerallar,  Rusiya və Çinin strateji məhdudlaşdırılması sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır", deyə Forbes məqaləsində qeyd olunur.

Azərbaycanın enerji və nadir torpaq elementləri sahəsində strateji potensialına xüsusi diqqət yetirilir. Forbes qeyd edir ki, ölkədə qlobal sənaye və regional iqtisadiyyat üçün əsas olan neft, qaz və nadir torpaq metallarının əhəmiyyətli ehtiyatları var. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Azərbaycan "xam neft və təbii qazın əsas istehsalçısı olmaqla, dünyada enerji ilə özünütəminetmə üzrə ən yüksək göstəricilərdən birinə malikdir".

Nəşr qeyd edir ki, 1992-ci il Azadlığa Dəstək Aktının 907-ci bölməsində yer alan tarixi məhdudiyyət uzun müddətdir ki, Azərbaycanla iqtisadi və infrastruktur sektorlarında birbaşa əməkdaşlığı məhdudlaşdırıb. Bu müddəaların ləğvi və ya dəyişdirilməsi nəqliyyat dəhlizlərinin, enerji və ticarətin inkişafı üçün yeni imkanlar aça bilər və ölkənin Qafqazdakı strateji rolunu gücləndirə bilər.

Müəlliflər vurğulayırlar ki, Azərbaycanla əməkdaşlıq Cənubi Qafqaz vasitəsilə infrastruktur tikintisi - dəmir yolları, neft və qaz boru kəmərləri və fiber-optik xətlər üçün də imkanlar açır ki, bu da regional təhlükəsizliyin möhkəmləndirilməsinə və region ölkələrinin müstəqilliyinin artırılmasına töhfə verir.

ABŞ tərəfdaşları arasında Azərbaycanın da yer alması ölkənin regiondakı strateji əhəmiyyətini vurğulayır. Azərbaycan qlobal rəqabət kontekstində Cənubi Qafqazın sabitliyinə və müstəqilliyinə töhfə verərkən ticarət və enerji əlaqələrini gücləndirmək, infrastrukturu inkişaf etdirmək və beynəlxalq səhnədə rolunu artırmaq imkanı qazanır.

Stopnarkotik.az