Suraxanı Rayon Məhkəməsində dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmədə təqsirləndirilən Mahir Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9000 manat miqdarında cərimə cəzasına məhkum edilib.
İttihama görə, Mahir Bəşirov 03 noyabr 2023-cü il tarixdə Türkiyə istiqamətində Azərbaycanı tərk edib həmin ölkənin İstanbul şəhərinə gedərək oradan dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və belə fəaliyyəti əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni müxtəlif adlarda olan dini kitabları müxtəlif yollarla əldə edib. Sonra o, həmin kitabları 07 noyabr 2023-cü il tarixdə İstanbul-Bakı reysi ilə Azərbaycana gətirib faktiki yaşadığı ünvanda dini düşmənçilik və dini fanatizm zəminində saxlayıb. Cinayət materiallarında göstərilib ki, qeyd edilən dini ekstremist məzmunlu kitablar 29 oktyabr 2024-cü il tarixdə Mahirin fərdi yaşayış evinə keçirilən baxış zamanı aşkar edilərək götürülüb.
Hadisədən sonra Mahir Bəşirov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib./pravda.az