Eskobarın aylıq 20 milyon maaşı olan KOKAİN PİLOTU - “Uğursuzluq vaz keçdiyiniz andır” / FOTOLAR

“Həmişə köynəyimin rənginə görə maşın gətirərdilər"

Pablo Eskobarın kokain kartelində əsas rol oynamış pilot “TJ” kod adlı Tirso Dominqes ilk dəfə çox sirlərə işıq salıb. O, Eskobarın pilotu olduğu vaxtlarda yaşadığı "gözqamaşdırıcı" həyatından - ayda 20 milyon dollar maaş almasından, 30 "Lamborghini"-nin olmasından və qaçış planlarından danışıb. 

Stopnarkotik.az xəbər verir ki, pilotun etiraflarını “The Guardian” qələmə alıb.

Dominqes bildirib ki, 1988-ci ildə Floridadakı malikanəsində həbs olunduqdan sonra əvvəlcə Eskobarın təklifini rədd edib, lakin ayda 20 milyon dollarlıq cazibədar təklifə qarşı dura bilməyib.

“Cocaine Air” adlı podkast seriyasında keçmişini danışan Dominqes etiraf edib ki, rəqib kartellərdə işləyərkən əvvəlcə ayda 4 milyon dollar qazanırmış və “Eskobarı ciddi qəbul etməyib”. Lakin Eskobarın ona hər uçuşa 5 milyon dollar təklif etməsi ilə ayda 20 milyon dollar qazanmağa başlayıb. 

Dominqes deyir ki, ona həmişə geydiyi köynəyin rənginə görə maşın gətirərmişlər. 30 "Lamborghini", malikanə, telefon şirkəti, şəxsi təyyarə və qayıq şirkəti, ekzotik avtomobil salonuna sahib olan keçmiş pilot hətta dağ aslanı saxladığını da deyib. Atasının ölümündən sonra narkotik biznesinə məcbur edildiyini ifadə edən Dominqes söyləyir ki, Eskobarla işbirliyinə əvvəlcə marixuana daşımaqla başlayıb, daha sonra etdiyi bir səhv üzündən təhdid edildikdən sonra kokain daşınmasına keçib. 

"Mən narkotiki dəstəkləmirəm. Mən heç vaxt narkotik istifadə etməmişəm. Mən dələduzluğun qurbanı olmuşam", - Dominqes deyir. Uğurlu əməliyyatları ilə Eskobarın diqqətini çəkən Dominqes daha sonra sırf onun üçün çalışıb. Amma pilotun zəhməthaqqını Escobar nağd pul əvəzinə, kokainlə ödəməyə başlayıb. Beləliklə, Dominqes təkcə pilot deyil, həm də narkotik dileri, çirkli pulları yuyan və investor olub. 

Dominqesin "yüksəlişi" 1988-ci ilin bir səhəri FTB əməliyyatı ilə sona çatıb. Dominqes və onun malikanəsinə basqın zamanı saxlanılan 12 nəfərlik komandası beş tonluq narkotik daşımaqda günahkar biliniblər. Üstəlik, dəyəri milyonlarla dollar olan avtomobil və təyyarələr ələ keçirilib.

1991-ci ildə günahını boynuna alan Dominqes 13 il həbs cəzasına məhkum edilib. O, həbsxanada olarkən vertolyot alıb qaçmağa cəhd etdiyinə görə də iki il təkadamlıq həbs cəzasına məhkum edilib.

İndi 73 yaşında olan Dominqes cəzasına çatdığını və indi “qanuni sahibkar” olmaq istədiyini deyir. “Uğursuzluq vaz keçdiyiniz andır”, - deyən Dominqes bundan sonra həyatında yeni səhifə açmaq istəyir.

Stopnarkotik.az

**

**