Ermənilər azərbaycanlı əsir və girovların meyitlərini çirkab suların yığıldığı quyuya atıblar - Komissiya

“İşgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə Şuşa həbsxanasının ərazisində çirkab sularının yığıldığı quyuya atılıb”.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

O bildirib ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb:

“Həmin sümük qalıqlarından 11-i tam, 6-sı isə insan skeletinin müxtəlif fraqmentləridir. İnsan qalıqlarının aşkarlandığı məzarlıq Şuşa həbsxanasının ərazisində çirkab sularının yığılması üçün quyu olub. İşgəncələr nəticəsində vəfat edən əsir və girovlarımız xaotik və nalayiq vəziyyətdə həmin quyuya atılıb”.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Xatırladaq ki, bundan əvvəl isə iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.