Elektron qolbaqlı məhkumlara nə olar, nə olmaz? - “HARDASA İŞLƏYƏ BİLƏR, AMMA...”

“Azadlığı məhdudlaşdırılmış şəxs əmək fəaliyyəti ilə məşğul ola, yəni işləyə bilər. Lakin bu fəaliyyət cəzaların icrasına nəzarət edən orqanlarının baxışı altında baş verməlidir”.

Stopnarkotik.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a vəkil Turan Abdullazadə bildirib.

O qeyd edib ki, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir:

"Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. 

Həmin şəxs müəyyən  vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; məhkumun islah olunmasına kömək edən digər vəzifələr”.

Turan Abdullazadə diqqətə çatdırıb ki, bəzi hallarda həmin şəxsin müəyyən fəaliyyət növləri ilə məşğul olması məhdudlaşdırıla bilər:

“Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir.

Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçini, azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycanda daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir.

Azadlığı məhdudlaşdırılmış şəxs əmək fəaliyyəti ilə məşğul ola bilər, yəni işləyə bilər. Lakin bu fəaliyyət cəzaların icrasına nəzarət edən orqanlarının baxışı altında baş verməlidir. Şəxsə yaşadığı yerdə və ya müvafiq icazə əsasında başqa yerdə işləməyə icazə verilə bilər, əgər bu, cəzanın məqsədlərinə zidd deyilsə. Bəzi hallarda həmin şəxsin müəyyən fəaliyyət növləri ilə məşğul olması məhdudlaşdırıla bilər (məsələn, silah daşıma, idarəçilik və ya konkret vəzifələr tutmaq qadağan oluna bilər). İctimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir”.