Livanda portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə insanın həlak olması qlobal səviyyədə müzakirə olunur. Hazırda baş verənlər çərçivəsində ən çox elektrik avtombillərin akkumlyatorları barədə narahatlıq önə çəkilir. Belə bir sual ortaya çıxır ki, görəsən, elektrik avtombillərin akkumlyatorlarını da distansion partlatmaq mümkündürmü?
Stopnarkotik.az xəbər verir ki, tanınmış avto bloqer, aparıcı Elgün Xıdırov Pravda.az-a açıqlamasında deyib ki, ən birinci Livanda radioqəbuledicilərin tam normal avadanlıqlar olub-olmadığına diqqət edilməlidir.
“Çünki ehtimallar müxtəlifdir. Başqa ehtimala görə, xüsusi hazırlanmış partlayıcılı avadanlıqlar da ola bilər. Biz bu barədə heç nə bilmirik. Mobil telefonların batareyaları da şişir, qızır, partlaya bilir. Bu ehtimal da var. Düzdür, mobil telefonların partlayışlarında bu qədər ağır fəsadlar olmur. Çox yaxın məsafədə insana müxtəlif zərərlər yetirə bilər. Amma elektromobil batareyalarının həcmi böyük olduğuna görə daha pis nəticələr olması mümkündür. Elektromobillərdə istifadə olunan Litium-ion batareyaların hamısı eyni deyil, texnologiya fərqləri var. Məsələn, Litium-polimer, Litium-mikrokristallik, Litium-metal (nikel, manqan). Bu batareyaların hamısı Litium olsa da, işləmə qabiliyyətləri, enerji tutumu, sərfiyyatı bir az fəqlidir. Həmçinin resurslarında, enerji dolum sürətləri və qızma-soyudulma fərqləri var. Avtomobil istehsalçıları bilərəkdən batareyaların partlamasına şərait yaradarlarsa, bu, onların imiclərinin yerlə yeksan olması, satışlarının sıfıra düşməsi deməkdir. İstehsalçılar bunu etməzlər, ya da maksimum etməməyə çalışarlar”.
E.Xıdırov deyib ki, Litium-ion batareyalar isinməsi çox yüksək temperatura qalxanda, hədsiz qızdıqda və işçi vəziyyətdə hermetiklik pozulduqda partlaya bilər: “Eyni zamanda kənar təsirlər zamanı, məsələn, çox şiddətli qəza olarsa bu mümkündür. Mən Çində GAC Motor-un Tədqiqat İnstitutunda oldum. Onlar göstərdilər ki, silahla atəş açıldıqda, hava ilə təmas olduqdan sonra belə batareyada alışma baş vermir, tüstülənmə olur və dayanır. Yəni avtomobil istehsalçıları batareya partlayışlarının qarşısını almaq üçün işlər görürlər. Hazırda kənar təsir yoxdursa, avtomobillərdə Litiumların partlaması adətən ustaların, servislərin naşı işləri nəticəsində ola bilər. Düzgün təmir etmirlər, problemə yol açırlar. Avtomobillərə kənar müdaxilələrlə bağlı bir müddət xəbərlər yayılırdı. İndi süni intellektin, avtonom idarənin 5-ci nəslinin tətbiq olunduğu dövrdür. Avtomobillər internet şəbəkəsinə qoşulur. Onsuz da avtomobillərə kənar müdaxilələrin olma ehtimalları yaranır, lakin hansı səviyyədə? Bir var ki, müdaxilə edəsən, avtomobilin qapılarını açasan, bir də var, kənardan müdaxilə edərək müxtəlif modulları işə salıb, Litium-ion batareyalarda temperaturu qəfildən kəskin qaldırasan. Düşünürəm, nəzəri olaraq bunu etmək mümkündür. Lakin mümkün olması üçün avtomobil istehsalçısı, gərək, bütün təhlükəsizlik sistemini açıq qoysun. Yəqin, istehsalçılar buna qarşı qoruma, sədd yaradırlar ki, kənardan müdaxilə edə bilən olmasın. Lakin soruşulsa ki, belə bir ehtimal varmı? Avtomobilə kənardan müdaxilə edə bilmək üçün onun şəbəkəyə qoşulan olması kimi çox faktorlar var. Bütün bu faktorlar təmin olunarsa, avtomobilin şəbəkədə olması, kənardan qoşulma imkanlarının mövcudluğu və modulların da buna imkan verməsi batareyanın temperaturunun qəfil kəskin qaldırılmasına şərait yarada bilər. Bunların hamısı ehtimallardır. Həm çip-modul, həm Litium batareyalara müdaxilə edərək problem yaratmaq üçün hansı imkanların açıq olduğuna baxmaq lazımdır”.