Eldar Mahmudovun qardaşı ilə bağlı 400 minlik qalmaqal... - TƏFƏRRÜAT

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qardaşı Oqtay Mahmudov əczaçılıq fəaliyyəti ilə məşğul olan Məlahət Quliyevanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Oqtay Mahmudovun iddiasında qeyd olunur ki, Məlahət Quliyeva ona böhtan atıb, eyni zamanda şərəf və ləyaqətini alçaldıb. Keçmiş nazirin qardaşı məhkəmədən Məlahət Quliyevanın Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmasını istəyib. 

Məsələnin kökündə Məlahət Quliyevanın hüquq-mühafizə orqanlarına Oqtay Mahmudov barəsində etdiyi müraciətlər dayanır. 

Məlahət Quliyeva bildirib ki, Oqtay Mahmudov ona qarşı dələduzluq edib, həmçinin MTN-nin keçmiş idarə rəisi Akif Çovdarov vasitəsi ilə ondan rüşvət alıb. Məlahət Quliyeva bildirib ki, bununla kifayətlənməyən Oqtay Mahmudov onu və iki övladını öldürəcəyini deyib: 

"Oqtay Mahmudov mənə hədə-qorxu gəlirdi ki, ya mənim olmalısan, yada qara torpağın. Mənimlə münasibət qurmalısan, yoxsa səni və uşaqlarını öldürəcəm. Oqtay qardaşı ilə əlbir olaraq mənə məxsus aptekə MTN əməkdaşlarını yoxlama aparmaq adı altında göndərib. Sonra məni MTN-ə aparıb. Orada məni Akif Çovdarov qəbul edib bildirdi ki, səni tutduracam. Oqtay və Eldar mahmudovlar dedilər ki, Akif Çovdarov 15000 ABŞ dollar tələb edir, əks təqdirdə səni həbs edəcəklər. Məcbur olub həmin pulu Eldar Mahmudova verdim. Bundan sonra qara günlərim başladı. Onlar mənə bildirdilər ki, hər 6 aydan bir 15000 ABŞ dolları Akif Çovdarova pul verməlisən. Akif Çovdarov tutulana qədər hər 6 aydan bir 15000 ABŞ dolları Oqtay və Eldara pul vermək məcburiyyətində qaldım. Beləliklə, Oqtay və Eldar mahmudovlar məkrli niyyətlərini həyata keçirməklə mənə 400 000 ABŞ dolları ziyan vurublar. Oqtay və Eldarın məni aldatdıqlarını hiss edib, pulların qaytarılmasını tələb etdim. Məni və övladlarımı öldürməklə hədələdilər. Hazırda mənim və övladlarımın həyatı təhlükədə olduğu üçün sizdən xahiş edirəm ki, bizim ailəni nəzarətdə saxlayasınız. Mənə dəymiş ziyanın ödənilməsində və canımı bu dələduzlardan qurtarmaqda köməklik edəsiniz”.

Məlahət Quliyev hüquq-mühafizə orqanlarına müraciət ünvanlamaqla kifayətlənməyərək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib. Toplanmış materiallar 19-cu bölməyə göndərilib. Şikayət araşdırıldıqdan sonra cinayət işinin başlanması rədd edilib. Məlahət Quliyeva prokurorluğa şikayət edib. Prokuroluq iş materiallarını əlavə yoxlama aparılması üçün yenidən 19-cu bölməsinə göndərib. Bölmə bu dəfə də cinayət işinin başlanmasını rədd edib. Məlahət Quliyeva növbəti dəfə prokurorluğa müraciət edib. Prokurorluq da bu dəfə işi Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərib. İstintaq Şöbəsinin müstəntiqi Ramal Şahmarov müvafiq araşdırma apardıqdan sonra cinayət işinin başlanılması rədd edilib. 

Bütün bunlar Oqtay Mahmudovu məhkəməyə müraciət məcburiyyətində qoyub. Çünki Məlahət Quliyevanın iddialarını böhtan hesab edir. 

O, Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında ərizə ilə müraciət edib.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb. Elməddin Hüseynovun qərarı ilə Oqtay Mahmudovun xüsusi ittiham qaydasında şikayətinə baxılmasından imtina edilib. Qərarda qeyd olunub ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.

Hakim qərarını Məlahət Quliyevanın yaşadığı ünvanın Nizami Rayon Məhkəməsinin yurisdiksiyasında olması ilə əsaslandırıb./qaynarinfo.az