Son günlər ölkə gündəminin əsas mövzularından biri “vətənə xəyanət” ittihamı ilə bağlı yayılan məlumatlardır. Bu kontekstdə adı çəkilən şəxslərdən biri keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovdur. Onun adı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin komandası ilə əlaqələndirilir.
Məhz bu müzakirələrin fonunda Mahmudov illər əvvəlki 30 milyonluq mənimsəmə işi ilə bağlı yenidən gündəmə gəlib. Hətta İspaniyanın nüfuzlu “Diario de Mallorca” nəşri də bu barədə məlumat yayıb.
Həbs edilən Mahmudov yox, Ağayev oldu
2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra onun yaxın dostu və biznes ortağı Sahib Ağayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham olunmuşdu. İş üzrə məhkəmə prosesi qapalı keçirilib. Qapalı iclasın səbəbi isə Eldar Mahmudovun şahid qismində ifadə verməsi olub. Zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti idi.
Eldar Mahmudov niyə dindirilib?
İttihamlara əsasən, Mahmudovun rəhbərlik etdiyi nazirlikdə dövlət əhəmiyyətli layihə üçün ayrılmış 30 milyon manatlıq vəsait mənimsənilərək ölkədən çıxarılıb. Layihə 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində təhlükəsizlik sistemlərinin qurulması ilə bağlı idi. Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 90 milyon manatlıq müqavilə imzalayıb, lakin bu məbləğin 30 milyonu xarici hesablara köçürülüb. Hadisədə Kanada vətəndaşı Kazem Askari də iştirak edib. Ağayev daha sonra Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib.
Mahmudovun ifadəsi: “Mən məlumatlı deyildim”
Eldar Mahmudov istintaqa verdiyi ifadədə Sahib Ağayevin əməllərindən xəbərsiz olduğunu bildirib: “Nazir kimi əsasnamə ilə müəyyən edilmiş vəzifələrimi icra edirdim. Layihənin maliyyə detallarına qarışmamışam”. Mahmudov həmçinin “Main Investment LTD” şirkətinin rəhbəri, Kanada vətəndaşı Kazem Askari ilə 1998-ci ildən tanış olduğunu deyib. Onun sözlərinə görə, Avropa Oyunları zamanı təhlükəsizlik sistemlərinin qurulması üçün ən uyğun texnologiya Kanadada tapılmış və bu işin icrası Kazemə həvalə olunmuşdu. Müqavilənin dəyəri əvvəlcə 80-90 milyon manat idi və görüləcək işlərin artması ilə bir neçə dəfə dəyişdirilib. Mahmudovun sözlərinə görə, müqaviləyə edilən dəyişikliklər Maliyyə Nazirliyi ilə razılaşdırılıb və ödənişlər birbaşa şirkətin hesabına köçürülüb.
30 milyonun izi
İttihama əsasən, layihə üçün ayrılan 90 milyon manatın 30 milyonu Sahib Ağayevin nəzarətində olan və Dominikan Respublikasında qeydiyyatdan keçmiş “Preim Design and Patenting S.A.” şirkətinin hesabına köçürülüb. Mahmudov isə bu əməliyyatlardan xəbərsiz olduğunu deyib və bildirib ki, ödənişlər mərhələli şəkildə aparılıb. Layihəyə o dövrdə MTN-də vəzifədə olan bir generalın rəhbərlik etdiyi də vurğulanıb.
Ailəvi dostluq və şərikli əlaqələr
Mahmudov ifadəsində Sahib Ağayevin ailəsi ilə yaxın münasibətlərindən danışaraq, həyat yoldaşlarının rəfiqə olduğunu, tanışlıqlarının bu yolla yarandığını deyib. O, həmçinin Ağayevin oğlu Əli Ağayevin bir müddət MTN-də çalışdığını, lakin özünün vəzifədən uzaqlaşdırılmasından sonra onun da işdən çıxarıldığını bildirib.
Məhkəmə və nəticə
Sahib Ağayevin işi üzrə istintaq iki ilə yaxın davam edib. O, məhkəmənin qərarı ilə şərti cəza alaraq azadlığa buraxılıb.
İspaniya mətbuatı 10 ildən sonra niyə yazdı?
İllər sonra, İspaniyanın “Diario de Mallorca” nəşri bu işin bəzi təfərrüatlarını yenidən gündəmə gətirib. Nəşr iddia edir ki, hazırda Eldar Mahmudov və ailəsi ilə bağlı Azərbaycanda yeni araşdırmalar aparılır. Bu iddialar ictimaiyyətdə geniş rezonans doğurub və yeni suallara səbəb olub./teleqraf.az