Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir sıra partiyalar namizədlərini müəyyənləşdirib. Eyni zamanda müəyyən şəxslər fərdi qaydada namizədliklərini irəli sürəcəklərini bildiriblər.
Sabiq prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də seçkilərdə namizədliyini irəli sürmək niyyətindədir.
Bu barədə Modern.az-a onun özü məlumat verib
Açıqlamasında Hürrü Əliyev vurğulayıb ki, namizədliyini irəli sürmək üçün iki seçki dairəsini nəzərdə tutub:
"Növbədənkənar parlament seçkilərinin təyin olunacağı bəlli idi. Seçkilərdə hansı dairədən iştirak edəcəyimlə bağlı məsələ yaxın iki gündə bəlli olacaq. Bundan əvvəlki seçkilərdə 15 saylı Yasamal Birinci seçki dairəsindən namizədliyimi verib, yüksək səs toplamışdım. Seçkilərdə iştirakımla bağlı qərar qətiləşərsə, ya 15 saylı Yasamal Birinci seçki dairəsindən, ya da 7 saylı Ordubad-Culfa seçki dairəsindən namizədliyimi irəli sürəcəm. İstənilən seçki dairəsindən yüksək nəticə toplamağa əminliyimiz var. Lakin daha yüksək və dəqiq nəticəyə əmin olduğumuz üçün bu iki seçki dairəsindən birindən namizədliyimizi irəli sürəcəyik. Ümumiyyətlə, yüksək ehtimalla seçkilərdə namizəd olacam".
Hürrü Əliyev qeyd edib ki, ictimai-siyasi mühitdə olan şəxslər nəticədən asılı olmayaraq, seçkilərdə aktiv iştirak etməlidir:
"Əsas odur ki, seçkilər dövlətimiz, millətimiz üçün xeyirli olsun. Seçkidə iştirak etmək vacib məsələdir. Seçki cəmiyyətin yeniləşməsi, demokratikləşməsinə xidmət edən amildir. İctimai-siyasi mühitdə olan adamsansa, nəticədən asılı olmayaraq, seçkilərdə iştirak etməlisən".