DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Stopnarkotik.az xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması, istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.
Mütəxəssislərin də qeyd etdiyi kimi havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır ki, bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
Qeyd edilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırır.
Sərnişinlərə isə isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunur".