Dövlət üçün təhlükəyə çevrilən “kriminal ordu” – VƏ YAXUD AZƏRBAYCANDA MEKSİKASAYAĞI NARKOTİK KARTELLƏRİ

Latın Amerikasında kriminalın tüğyan etməsi heç kimə sirr deyil. O da məlumdur ki, bu qətlləri narkokartellər törədir. Meksika kartellərinin təsir arealı isə çox yayğındır. Çünki onlar ABŞ-Meksika sərhədi boyunca sərgərdan gəzən sənədsiz miqrantları ovlayır, insan hüquqlarını pozur və dövləti zəiflədirlər.

Amma kartellər əsas “işəgötürən” olsalar da, sirr içində qalırlar. Bu məsələni “Complexity Science Hub” analitik mərkəz araşdırıb. Məlumata görə, Meksikada 198 narkokartel fəaliyyət göstərir. Hər həftə 200-ə yaxın adam atışmalarda ölür.

Hər il kartellər itkilərini kompensasiya etmək üçün 19,3 minə yaxın yeni üzvü öz sıralarına qatırlar. Əslində, narkokarteləri həm hərbi təchizatına, həm də üzvlərinin sayına görə “kriminal ordu” da adlandırmaq olar.

Statistik məlumatlara görə, hazırda Meksikadakı narkotik kartellərində 175 min adam “işləyir” ki, bu da onları ölkədə ən böyük beşinci “iş mərkəzi” edir. Bu rəqəm Latın Amerikasında 14 min yeri olan Meksika mağazalar şəbəkəsi “OXXO”nun işçilərinin sayına bərabərdir.

“Complexity Science Hub” tərəfindən tərtib edilmiş riyazi model göstərir ki, kartel üzvlərinin 10%-i qətl olnur və ən azı 5%-i isə həbsə düşür. Ümumilikdə, son 10 il ərzində kartel üzvlərinin təxminən 37%-i ya öldürülüb, ya da həbs edilib.

Dünya əhalisinin 8%-i Latın Amerikasında yaşayır, lakin bütün dünyada qəsdən adam öldürmələrin təxminən hər üçdə biri bu regionda baş verir. İlk növbədə ölkənin bir çox bölgələrində kartellərin uzunmüddətli varlığı səbəbindən bu cür qətllər ən çox Meksikanın payına düşür. 2021-ci ildə Meksikada 34000 nıfırin qəsdən adam öldürmə qurbanı olduğunu bildirildi, yəni hər 100 000 sakinə təxminən 27 qurban.  Bununla da Meksika Latın Amerikasında sabitliyin ən az olduğu ölkələr sırasında yer aldı. 2007-2021-ci illər arasında ölkədə qətllərin sayı 300%-dən çox artıb, institusional mənbələr 2006-2018-ci illər arasında Meksikada təxminən 125 000-150000 qətlin mütəşəkkil cinayətlə əlaqəli olduğunu göstərir.

Meksikadakı cinayət təşkilatları həftədə təxminən 200 üzvünü itirir. Eyni zamanda, qrupların sayı artır - ildə təxminən 7 min nəfər əlavə olunur. Bu isə o deməkdir ki, narkotik kartelləri itkilərini kompensasiya etmək üçün hər il təxminən 160 000-185 000 yeni “işçi götürürlər”. Hər həftə 350-370 insan narkokartellərin sıralarına qatılır.

Meksikada “narkotik bazarı”nda” liderlik uğrunda mübarizədə iki ən güclü mütəşəkkil cinayət qrupu “Sinaloa” və “Xalisko Yeni Nəsil” kartelləridir. Lakin analitiklər Meksikada daha 198 silahlı qrup üzə çıxarıblar ki, onların çoxu daha böyük oyunçuların içindəki kiçik “qruplar”dir və nüfuz dairəsi uğrunda müharibə aparırlar.

2006-2018-ci illər arasında Meksikada narkotik kartelinin “müharibələrində” öldürülən insanların sayı üç dəfə artdı. Bu gün Meksikada gündə orta hesabla 96 nəfər qətl hadisəsinin qurbanı olur.

Araşdırmanın müəllifləri hesab edirlər ki, kartel üzvlərinin həbsi narkotiklərlə mübarizənin effektiv üsulu deyil və bu strategiya davam edərsə, 2027-ci ilə qədər cinayətkar dəstələrin sayı 26% artacaq ki, bu da ölkədə qətllərin sayının artmasına səbəb olacaq.

“Complexity Science Hub” hesab edir ki, qan tökülməsini azaltmağın ən yaxşı yolu kartellərin işə götürülməsini dayandırmaqdır.

Mütəxəssislərin fikrincə, ilk növbədə narkokartellərin insanları öz sıralarına qatma sistemini öyrənmək lazımdır. Tədqiqat müəllifi Rafael Prieto-Kurielin fikrincə, bu, ailələrə qarşı təhdidlər, eləcə də yaxşı maaşlı iş axtaran gəncləri narokartelərə “işə” dəvət edən “dəllallar” vasitəsilə baş verir. Prieto-Kuriel hesab edir ki, həm də media narkotik kartellərinin "müsbət imicini" saxlayır və onların ideyalarını təbliğ edir. Nümunə olaraq, tədqiqatçı güclü Kolumbiyalı narkotik kartelləri haqqında “Netflix” serialı “Narcos”u misal çəkib.

Tədqiqatın “riyazi” tərəfini araşdıran “Binghamton Universiteti”nin eksperti Karlos Qersşenson isə deyir ki, diqqət “hərbi seqmentə daha çox pul ayırmaq və həbsxanalar tikmək” əvəzinə, Meksikada gənclər üçün iş imkanlarının genişləndirilməsinə yönəldilməlidir. “Complexity Science Hub” araşdırmasında təklif edilir ki, kartellərin aradan qaldırılması üçün üzv tərkibinin seyrəldilməsi aparılmalıdır, bu da aşağıdakı fazalardan keçməlidir: insanların kartellərə qatılması üçün “verbovka”nın əngəllənməsi; kartel üzvlərinin həbs edilərək “sıradan çıxarılması”; “münaqişə” – müxtəlif kartellərin arasına təfriqə salınması və bir-biri ilə döyüşdürülərək məhvi; qalan üzvlərin dağılışması.

Bəs, bizdə bu metodlardan necə istifadə etmək olar?

Qeyd edək ki, Azərbaycanda narkotikin yayılması satıcılar tərəfindən reallaşdırılır. Narkotik satıcılarının öz müştəri kontingentini genişləndirməsinin, ümumi həbsxanalarda başqa maddələrlə həbsə düşmüş məhbusları “verbovka” etməsinin, onları zərərli vərdişə alışdırmasının, həmçinin, azadlığa çıxdıqdan sonra onları yanlış yola çəkməsinin qarşısını aımaq üçün bu tip insanların ayrıca izolyasiyada, təcrid mühitində saxlanılması məqsədəuyğundur. Üstəlik, təkrar-təkrar bu maddə ilə həbsə düşən narkotik satıcılarına türmədə ölümə bərabər elə amansız şərait yaradılmalıdır ki, onlar bu peşəni tərgitsinlər və narkobaronların himayəsinə ümid edib, geri dönüşü ağıllarına da gətirməsinlər. Bu, araşdırmada yer almış metodun 2-ci bəndinə aiddir.

Əlbəttə, narkodilerlərin həbs müddəti də uzadılmalıdır.

Üçüncü bənd kartellər arasında münaqişə yaratmaqdır ki, fikrimizcə, bizdə buna ehtiyac yoxdur. Çünki bizim ölkədə vəziyyət fərqlidir. Bəllidir ki, Azərbaycanda narkotik işi bir mərkəzdən idarə olunur və ən əsası da məmur himayəsi ilə “ayaqda durur”. Burada birbaşa narkobarona çevrilmiş narkoməmura qarşı qəti tədbirlər görülməli, vəzifəsindən uzaqlaşdırılmalı, bütün əmlakı müsadirə olunmalı, təcrid şəraitinə salınmalı, barəsində ən sərt tədbirlər görülməlidir.

Hesab edirik ki, narkotik ticarətinin “başı qoparılar” və alt ranqdakı üzvlər pərən-pərən salınarsa narkotik ticarətinin öhdəsindən gəlmək olar.

Stopnarkotik.az