“Provayderlər, o cümlədən dövlət provayderləri internet tariflərini 40% qaldırmaq istəyir”.
“AzPolitika” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Aztelekom” və “Bakı Telefon Rabitəsi” İnternetin qiyməti ilə bağlı yaydığı məlumatı şərh edərkən bildirib.
Adıçəkilən qurumlar abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcəyini açıqlayıb. Bu hazırki qiymətlərlə müqayisədə 40 faiz artım deməkdir.
“Baxıram ki, yenə manipulyasiyalar, yenə provayderlərin bu məntiqsiz addımlarının doğru olmasını öncədən əsaslandıranların haray-həşiri bürüyüb aləmi”, - ekspert qeyd edib.
Osman Gündüzün sözlərinə görə, görünən odur ki, dövlət və özəl provayderlər sanki bir yarışa girməklə, bir separat sövdələşmə etməklə internetin sürətini və qiymətini gələn aydan birdən - birə 40% qaldırmaq istəyirlər: “Hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir. İndi təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq. Görünür, provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər. Baxırlar, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər”.
Ekspert hesab edir ki, bütün bunlar doğru yanaşma deyil, yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil: “Xüsusən də regionlar üçün. Düşünürəm ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansıa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu, birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən, kimin ağlına gəlib? Hansı təfəkkürün məhsuludur bu? İndi mən sual edirəm hökumətə: kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-ni olmayan, min cür əziyyətlə çörəkpulu - gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansıa bir onlayn xidmətlərdən yararlanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı? Bu vətəndaşlarımız hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan bü sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq? Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun”.
Osman Gündüz hesab edir ki, dövlət provayderlərinin bu tip addımları ümumiyyətlə ağlasığmazdır.
Onun sözlərinə görə, provayder ona görə hələlik “dövlət provayderidir” ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun: “Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq, digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırırq.
Son 3 ildə RİNN bütün ölkə boyu ildırım sürətli bir internetləşmə siyasəti apara bilib. On illər ərzində reallaşa bilməyən reallaşıb. Ölkədə nəhəng bir internet şəbəkəsi, həm də dövlətə məxsus olan bir şəbəkə formalaşıb. Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq 92% -ə çatıb. Bu, çox böyük bir uğurdur. Amma buna kölgə sala biləcək addımlara yol vermək doğru olmazdı”.
Ekspert vurğulayır ki, indi dövlətə məxsus olan bu internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun: “Ümid edirəm RİNN, İKTA baş verənlərin fərqindədir. Antiinhisarın adını çəkmədim, onsuz da RİNN ilə, “Aztelekom”la məhkəmə çəkişməsindədirlər”.