Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi atası tərəfindən zorakılığa məruz qalan azyaşlıya və ailəsinə baş çəkib.
Bu barədə Stopnarkotik.az-a Komitədən məlumat verilib.
Dövlət Komitəsi və Xəzər RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları atası tərəfindən fiziki zorakılığa məruz qalan azyaşlı və onun ailəsi ilə görüşüblər.
Şüvəlan UADM-in psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqunun iştirakı ilə zərərçəkmiş şəxsin ailəsinə səfər olunub.
Bildirilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Məmmədov Elnur Eltəmas oğlu ilə 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsədə valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib.
Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov polis tərəfindən saxlanılıb.