Dövlət Komissiyasının HESABATI: müsadirə olunan narkotik artıb

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2025-ci ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair hesabat yayıb.

Stopnarkotik.az açıqlanan hesabata istinadla xəbər verir ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 306 kq 678,863 qramını marixuana, 250 kq 966,55 qramını heroin, 119 kq 866,229 qramını tiryək, 60 kq 593,938 qramını həşiş, 150 kq 165,907 qramını digər narkotik vasitələr və 103 kq 759,433 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 5183 ədəd metadon, 16363 ədəd çətənə bitkisi, eləcə də 588,2 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə  qanunsuz dövriyyədən  götürülmüşdür. Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 992 kq 030,92 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 152 milyon 430 min kimi qiymətləndirilir.

2024-cü ilin yanvar-avqust ayları üçün isə aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin 471 kq 204,959 qr-nı heroin, 4 ton 178 kq 838,75 qr-nı marixuana, 127 kq 993,641 qr-nı tiryək, 30 kq 959,401 qr-nı həşiş, 164 kq 202,097 qr-nı psixotrop maddələr, 119 kq 669,9 qr-nı digər narkotik vasitələr təşkil etmişdi. Həmçinin göstərilən dövr ərzində 14768 ədəd metadon, 12621 ədəd çətənə kolu, 44 qr və 240 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdü. Qanunsuz dövriyyədən çıxarılmış 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 120 milyon 733 min AZN kimi qiymətləndirilirdi.

2024-cü ilin yanvar-avqust aylarına nisbətlə 2025-ci ilin yanvar-avqust aylarında müsadirə olunan narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları 899 klioqram 162,172 qram, başqa sözlə 17,6% artmışdır. Ötən ilə nisbətən bu ayın yanvar-avqust dövründə 1 ton 127 kiqoram 840,113 qram – 27% çox marixuana müsadirə olunub. Tiryək və heroinin, psixotrop maddələrin miqdarı azalsa da, “digər narkotik vasitələr” adı ilə nəzərdə tutulan narkotikin mqidarı 2024-cü ilin yanvar-avqustunda 119 klioqram 669,9 qramdan 2025-ci ilin yanvar-avqust dövrünə 150 kiloqram 165,907 qrama çatmışdır, iki dönəm arasında fərq 30 kiloqram 496,007 qram – 25,5% artım olub. Maraqlıdır, “digər narkotik vasitələr” təsbiti ilə hansı növ narkotiklər nəzərdə tutulur? Böyük ehtimalla burada açıqlanmasa da sintetik opioidlər nəzərdə tutulur. Necə ki, dünyada da sintetik opioidlərin istehlakı artır, Azərbaycan da bu tendensiyadan kənarda qalmır...

Stopnarkotik.az