Diqqət! Bu şəxslər məhkəməlik ola bilər: “Kartınıza səhvən...”

Səhv karta və ya hesaba pul köçürmək narahatlıq yarada biləcək vəziyyətdir.

Maraqlıdır, bəs qarşı tərəfin bu məbləği geri ödəmək kimi öhdəliyi varmı? Qanunda bu məsələ necə tənzimlənir?

Stopnarkotik.az xəbər verir ki, mövzunu “Yeni Sabah”a şərh edən hüquqşünas Əkrəm Həsənov sözügedən prosesin hüquqi tərəfini izah edib:

“Belə bir öhdəlik əlbəttə var. Buna qanunda əsassız varlanma deyilir. Sizə birdən-birə başqa bir şəxsdən pul köçürülür. Siz də bilirsiniz ki, bu sizin deyil. Sadəcə haradan gəldiyini bilmir və dərhal müəyyənləşdirməkdə çətinlik çəkirsiniz. Belə halda, ya siz özünüz bankınıza müraciət edərək təfərrüatları öyrənə bilərsiniz ki, bu pul mənə haradan və kim tərəfindən köçürülüb. Ancaq bununla bağlı heç bir məcburiyyət yoxdur. Çünki hökmən siz gedib araşdırmalı deyilsiniz ki, pul hesabınıza hansı yolla köçürülüb”.

Hüquqşünas bildirib ki, kim bu səhvi edibsə, o da öz bankına müraciət ünvanlamalıdır:

“Həmin bank da səhvən pul köçürülən şəxsin hesabının aid olduğu banka müraciət edir ki, ödəniş səhv edilib və pul qaytarılmalıdır. Beləliklə, müraciət edilən bank öz müştərisi ilə əlaqə yaradır və bildirir ki, pul sizin deyil, onu geri göndərmək lazımdır. Ödəniş qaytarılsa da, həmin məbləğ tam olaraq, ödənilmir. Bunun səbəbi bankların bir-birindən pul köçürmə əməliyyatı üzrə komissiya tutmasıdır. Əgər şəxs ona səhvən göndərilən vəsaiti qaytarmazsa, bu zaman ödənişi edən məhkəməyə müraciət edərək, pulunu geri ala bilər”.