DƏHŞƏTLİ QƏTLLƏ BAĞLI GİZLİNLƏR… - Əhmədin “dəli” olması kimə lazımdır?

Psixiatr Nadir İsmayılov: “İstintaq zamanı hər şeyi açıqlamaq olmaz”

Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhmədlə bağlı məsələyə hələ də tam aydınlıq gətirilməyib.

Qeyd edək ki, dünən - fevralın 22-də bəzi saytlarda Əhməd Mehman oğlu Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi haqda xəbərlər verildi. Məlumatda Əhmədin ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılması və 20 gün müddətində stasionar qaydada buarda saxlanılacağı, bu müddətin sonunda onun psixi xəstəliyi ilə əlaqədar ekspertiza rəyinin veriləcəyi açıqlandı.

Xatırladaq ki, bundan əvvəl Əhməd Əhmədovun Bakı İstintaq Təcridxanasında saxlanılması haqda xəbər verilmişdi.

Əlbəttə, hazırda bu dəhşətli hadisə ilə bağlı əsas məqam - qətl törədərkən Əhmədin anlaqlı olub-olmaması haqda həqiqəti üzə çıxarmaqdır. Hansı ki, bəzi hallarda bu qətliamla bağlı gerçəklərin gizlədildiyini, hətta Əhmədin bu cür dəhşətli hadisəni təkbaşına törətmək imkanında olmadığını iddia edənlər də var. Görünür, məhz bu səbəbdən də Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi haqda xəbərlərə Baş Prokurorluq tərəfindən operativ reaksiya verildi. Prokurorluqdan Stopnarkotik.az-a daxil olan məlumatda bildirildi: “Bəzi media subyektləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı informasiya yayılmışdır.

Bildiririk ki, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.

Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir.

Fevralın 22-də təqsirləndirilən şəxsin stasionar tibb müəssisəsinə yerləşdirilməsi barədə vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunduğundan, Ə.Əhmədovun hazırda saxlanıldığı istintaq təcridxanasından tibbi müəssisəsinə gələcək günlərdə köçürülməsi təmin ediləcəkdir. 

Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik”.

Əlbəttə, məlum qətl hadisəsi ilə bağlı ortada hər hansı gizli məqam varsa, bunun gec-tez üzə çıxacağı istisna deyil. Elə Əhmədin taleyinin bundan sonra hansı yöndə cərəyan edəcəyinə də onun həqiqətən psixi probleminin olub-olmaması, yaxud ailə üzvlərini qəbul etdiyi hansısa maddənin təsiri altında öldürüb-öldürməməsinin aşkara çıxması işıq salacaq. Hər halda, qarşıdakı günlərdə Əhmədin psixi xəstə olduğu versiyası öz təsdiqini tapmazsa, çox güman ki, bu zaman hadisənin törədilməsi ilə əlaqədar başqa ehtimallar da gözdən keçiriləcək. Hələlik isə onu deyə bilərik ki, əksər psixiatrlar Əhmədin psixi probleminin olmadığına daha çox inanırlar.

Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti, Tibb elmləri doktoru, psixiatr Nadir İsmayılovun da bu məsələ ilə bağlı özünməxsus fikirləri mövcuddur: “Mən o xəstəni görməmişəm, müayinə etməmişəm. Mənim fikrimcə, bu şəxs anlaqlı sayılacaq. Yəni cəzalandırılmalıdır. Ancaq ola da bilər ki, komissiya onu anlaqsız hesab etsin. Bu anlaqsızlıq məsələsi 10-15 faizə bərabərdir. Daha çox anlaqlı olması güman olunur”.

Bəs, ictimai müstəvidə “dəli olduğu” iddia olunan Əhmədin müxtəlif vaxtlarda, ikisi körpə uşaq olmaqla, 5 nəfəri bu cür soyuqqanlılıqla qətlə yetirməsi mümkündürmü? Bu sualı cavablandıran psixiatr bildirir ki, istintaq zamanı hər şeyi açıqlamaq olmaz: “Bu istintaqa zərər verər”.

O da maraqlıdır ki, psixi problemi olan insanın bu cür dəhşətli qətliamdan sonra “heç nə baş verməmiş” kimi dayanması, özünü olduqca sakit və təmkinli aparması mümkündürmü? Nadir İsmayılov bu haqda sualımızı “bu, ola bilər”, - deyə cavablandırdı.

Hazırladı: Asya ŞÜKÜROVA

Stopnarkotik.az