“Deyirdi ki, Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır”

Rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda vəkil Elçin Sadıqov ifadə verib.

Sadıqov müdafiə tərəfinin vəsatəti ilə məhkəməyə çağırılıb. Maraqlısı isə odur ki, Əvəz Zeynallı və vəkilləri bu gün E.Sadıqovun ifadə verməsinə etiraz ediblər. Müttəhim və müdafiəçiləri etirazlarını onunla əsaslandırıblar ki, E.Sadıqov eyni cinayət işi üzrə təqsirləndirilən şəxsdir, buna görə dindirilə bilməz.

Sadıqov özü də şahid qismində ifadə vermək istəməyib. O, barəsindəki cinayət işinə xitam verilmədiyini əsas gətirərək, təqsirləndirilən şəxs statusunda dindirilməsinin düzgün olmadığını deyib:

““Mən bura gəlmək istəmirdim. Amma görünən odur ki, qarşı tərəf bundan sui-istifadə edir, haqqımda danışır. Mən istintaqa verdiyim ifadəmi təsdiqləyirəm. Hazırda mənimlə bağlı cinayət təqibi davam edir. Hesab edirəm ki, şahid qismində verdiyim ifadə sonradan əleyhimə istifadə oluna bilər. Ona görə şahid kimi ifadə vermək istəmirəm”.

Məhkəmə Sadıqovun arqumentini əsaslı hesab edib. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.

E.Sadıqov istintaqdakı ifadəsində deyib ki, hüquqlarını müdafiə etdiyi “Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri tanınmış biznesmen Rasim Məmmədovun özü və ailəsi haqqında  “Xural TV”də tənqid və təhqir xarakterli fikirlər səsləndirilirdi. Sonradan Ə.Zeynallı belə materialları dayandırmaq üçün pul tələb edib.

Vəkilin dediyinə görə, R.Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova Ə.Zeynallıya çatdırmaqdan ötrü sürücüsüylə zərfdə 20 min manat pul göndərib. O da Əvəz Zeynallı ilə görüşüb 20 min manatı şəxsən təhvil verib:

“Əvəz Zeynallı bir neçə gün sonra yenə Rasim Məmmədov haqqında danışdı. Buna görə söz-söhbət yarandı. Mehriban Məmmədova pulu tələb edəndə isə Əvəz Zeynallı pulu vermədi.

Mən öz hesabıma 20 min manatı Mehriban xanıma qaytardım. Bu günə qədər də o pul mənə ödənilməyib”.

İş üzrə Rasim Məmmədovun həyat yoldaşı Bakı Oksford Məktəbinin rəhbəri Mehriban Məmmədova da şahid kimi tanınıb.

Lakin Məmmədova hakim Əli Məmmədovun çoxsaylı çağırışlarına gəlmir. Ona dəfələrlə bildiriş göndərilsə də, məhkəmədə iştirakını təmin etmək mümkün olmayıb. Məktub göndərib ki, ölkədə yoxdur, yeni ildən sonra qayıdacaq.

Müdafiə tərəfi onun məhkəməyə gəlməsini tələb ediblər. Ə.Zeynallı və vəkilləri hesab edir ki, sözügedən şəxs iş üçün əhəmiyyətli şahiddir.

Hakim bu dəfə xanım Məmmədovanın istintaqa verdiyi ifadəsini elan edib.

M.Məmmədova müstəntiqə deyib ki, Əvəz Zeynallı həyat yoldaşını cinayətkar adlandırıb, metallurgiya sənayesini məhv etməkdə günahlandırıb:

“Hətta övladlarımı da hədəfə almışdı. Deyirdi ki, “Rasim Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır, oğlunun adını da ona görə Ramiz qoyub. Bu cür materiallara son qoymaqdan ötrü 20 min verməyə razılaşdım”.

Ə.Zeynallı isə R.Məmmədovun ailəsindən qətiyyən pul almadığını, bu barədə cinayət işinin materiallarında yazılanların həqiqəti əks etdirmədiyini deyib.

Proses dekabrın 22-də davam edəcək.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb./ “Qafqazinfo”