DEKRİMİNALLAŞDIRMA ANTİ-NARKOTİK SİYASƏTƏ NƏ QATQI VERƏR...? - Araşdırma

Narkomaniya probleminin qarşısını almaqdan ötrü dünya ölkələri fərqli yollarla gedir, addımlar atırlar. Qərb narkomaniyanı azaltmaq, daha doğrusu nəzarətə almaq və narkoticarətin qarşısını kəsmək üçün də dekrminallaşdırma metodunu tətbiq edirlər.

Nümunə üçün Portuqaliyanın anti-narkotik siyasətinin əsas elemnti olan dekriminaladırma versiyasına baxaq.

Dekriminalladırma müəyyən hərəkətlərin cinayət qanunvericiliyinin əhatə dairəsindən çıxarılması deməkdir. Qadağan norma olaraq qalır, lakin narkotik istifadəsinə (və ona hazırlığa) görə cəzalar artıq cinayət qanunvericiliyinin əhatə dairəsinə daxil deyil. Bu hərəkətlər inzibati qaydada cəzalandırılır. Yəni, "dekriminallaşdırma" ya qeyri-cinayət sanksiyalarının (məsələn, cərimələr və ya məcburi müalicə) tətbiq edilməsi, ya da onların tamamilə olmaması deməkdir və inzibati qayda pozuntusu sayılır, İnzibati Xətalar Məcəlləsinə görə cəzalandırılır. Bu metoda nümunə kimi Portuqaliyanı göstərə bilərik. Bu ölkədə istifadəçisinin narkotiki özünə saxlama miqdarı, "10 günlük müddət ərzində orta fərdi istehlak üçün tələb olunan miqdardan çox olmayan" miqdara aiddir. Dekriminallaşdırma "narkotik ticarəti"nə şamil edilmir, yəni narkoticarət  cinayət hesab olunur və "on günlük istifadə müddətində orta dozadan çox miqdarda saxlama" artıq satış miqdarı hesab olunur. Burada bir nüansı da vurğulamaq yerinə düşər ki, dekriminallaşdırma leqalizasiya deyil.

Dekriminallaşdırmanın tələb etdiyi inzibati cəzalara gəlincə, narkotik istifadəçisi 25 avrodan minimal əməkhaqqı miqdarına qədər cərimə oluna bilər. Əgər asayişi pozan narkotik istifadəçisi könüllü reabilitasiya keçməyə razıdırsa, onda cərimə olunmur. Onun nakotik istifadə etdiyi, lakin asılı olmadığı və əvvəllər qanun pozuntusu etmədiyi aşkarlanarsa, Portuqaliyada Dekriminallaşdırma Qanunu komissiyalara sanksiya tətbiq etmədən “icraatı müvəqqəti dayandırmaq” tapşırığı verir. Əvvəllər cəzaya cəlb edilmiş narkotik istifadəçisi müalicəyə başlayarsa, ona qarşı sanksiyalar dayanır. Müalicə başa çatarsa və xəstə artıq qanun pozuntusuna yol verməzsə, ona qarşı icraat başa çatmış hesab olunacaq.

Narkotik maddə saxlama və ya istifadə etməkdə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar da eyni prosedurlara tabe olurlar. Amma yetkinlik yaşına çatmayanlara (və ya ruhi xəstəliyi olan şəxslərə) narkotik maddə vermək ya satmaq narkotik qanunvericiliyinə əsasən qadağandır, "qanunsuz narkotik ticarəti və digər qanunsuz fəaliyyətlər"də məhkum edilmiş şəxslər üçün ağırlaşdırıcı hal hesab olunur və 4 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dekriminalizasiya komissiyası üç üzvdən ibarətdir: bir üzv Ədliyyə Nazirliyi tərəfindən təyin edilir, digər ikisi isə Səhiyyə Naziri və Hökumətin Narkotiklərə Nəzarət Siyasəti Koordinatoru tərəfindən birgə təyin edilir. Ədliyyə Nazirliyi tərəfindən təyin edilən üzv hüquqşünas olmalı və digər iki üzvdən (adətən hər ikisi) ən azı biri tibb işçisi və ya sosial xidmət işçisi (həkim, psixoloq və ya sosial işçi) olmalıdır.

Dekriminallaşdırma rejimində belə, narkotik istifadəsini və ya saxlanmasını sənədləşdirən polis əməkdaşları qaydanı pozana qanun pozuntusu barədə bildiriş verməlidirlər, lakin onları həbs etmək səlahiyyəti yoxdur. Bildirişin surəti komissiyaya göndərilir və inzibati proses başlayır. Məsuliyyətə cəlb olunan şəxs bildirişi aldıqdan sonra 72 saat ərzində komissiyanın qarşısına çıxmalıdır. Komissiya narkotik qaçaqmalçılığına dair inandırıcı dəlillər taparsa, işi cinayət məhkəməsinə göndərəcək. Eləcə də qeyd edək ki, narkotik asılıları narkotiki apteklərdən əldə etməyə cəlb olunur. Bu addım əsasən də narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almağa yönəlib. Yeri gəlmişkən, dekriminallaşdırmanın Portuqaliya versiyasında aqressiv olmayan narkomanları onlara uyğun işə cəlb etmək praktikası da tətbiq edilir.

Yazılanları daha çox uzatmaq olar. Müşahidələrə görə, Portuqaliyada bu siyasət effektivliyini göstərib.

Ümumiyyətlə isə dekriminallaşdırmanın mahiyyətini belə təyin etmək olar:

birinci növbədə ilkin profilaktikaya diqqət yetirmək;

— müalicə axtaran bütün narkomanların müalicəyə çıxışını təmin etmək üçün narkomaniya müalicəsi sistemlərinin keyfiyyətini artırmaq və potensialını genişləndirmək; 

— səlahiyyətli orqanların həbsxanaya alternativ olaraq narkotik asılılarının könüllü müalicəsi kimi tədbirlər görməsi üçün lazımi mexanizmlərin yaradılması.  

Bəs Azərbaycana bu siyasətin hansı qismlərini tətbiq etmək olar? Azərbaycana tətbiq olunacağı təqdirdə iki ölkə, iki qitə arasında mentalitet fərqi nəzərə alınmalıdırmı?

İndiyə qədərki anti-narkotik siyasətinə baxsaq görərik ki, görülən tədbirlər elə də effektiv olmayıb. Narkotik istifadəçilərinin sayı artır, narkotiklə bağlı cinayətlər üzüyuxarı templə gedir, həbsxanalarda narkotiklə bağlı cinayət törədənlərin payı artır. Paralel olaraq QİÇS, Hepatit və s. kimi təhlükəli xəstəliklərə tutulma tendensiya da artır. Narkomaniya artıq epidemiya halını alıb. Cəmiyyətdə tanınmış şəxslər tərəfindən irəli sürülən təkliflər onun deməyə əsas verir ki, biz də narkomaniyanın qidalandığı baza olan narkoticarətin qarşısını kəsmək üçün qanunda bəzi dəyişikliklərə getməyi gözdən keçirə bilərik. İlk növbədə istifadəçilərin əməllərini inzibati xətalar məcəlləsinə daxil etmək, onları rəsmi qeydiyyata düşməyə cəlb etmək, narkotiklərin qanunsuz dövriyyəsini, narkomafiyaların hədsiz-hüdudsuz pullar qazanmasının önünü kəsməkdən ötrü asılıları narkotiki apteklərdən rəsmi qeydiyyat əsasında almağa yönəltmək, asılıları müalicə olunmağa yönəltmək, sağalmanı, sağlam həyatı asılılar üçün cazibədar etmək, onları reabilitasiya müddətində əməyə, onlara uyğun işlərə cəlb etmək kimi tədbirləri reallaşdırmaq olar. Bəs daha hansı addımlar dekriminallaşdırma çərçivəsində qəbul edilə bilər?

Stopnarkotik.az

ARDI VAR...