MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, həmçinin Tofiq Musayevin məhkəmə istintaqı başlayıb.
Stopnarkotik.az "qafqazinfo”ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittihamı elan edib.
İdmançılar "Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən digər idmançı Həsən Əzizovla aralarında mübahisə yaranıb. Mübahisəyə səbəb isə H.Əzizovun R.Əfəndiyevə "sən” deyə müraciət etməsi olub. Mübahisə zamanı R.Əfəndiyev tələbələri ilə birlikdə Həsəni döyüb, şəxsiyyətini alçaldan təhqiredici hərəkətlər ediblər.
Cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərən Əfəndiyev və tələbələri istintaqa cəlb edilib, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham olunublar. Tofiq istisna olmaqla, digərləri haqda həbs qətimkan tədbiri seçilib.
Amma idmançılar heç biri özünü təqsirli bilmir. Onlar məhkəmədə sərbəst ifadə verib, hadisə günü barədə danışıblar.
Həsən Əzizov
Ruslan Əfəndiyevin dediyinə görə, hadisə ittihamda göstərilən kimi deyil. Daha doğrusu, ortada bir hadisə yoxdur. Müttəhim həmin gün haqda deyir ki, əslində nə özü, nə tələbələri Həsən Əzizovu döyüb.
R.Əfəndiyev deyir ki, həmin vaxt Həsən tədbirdən əvvəl toplanışda səs-küy salıb, iştirakçılara maneə yaradıb. O, isə Həsəni çoxdan tanıdığı üçün sakit olmasını, tədbirə maneə yaratmamasını tələb edib. Bu vaxt Həsən özündən çıxıb, onunla başqa cür danışmağa başlayıb: "Dedi ki, ümumiyyətlə, sən kimsən? Bir anlıq tərəddüd etdim, dedim mənəm e, Ruslan müəllim! Bunu deyən kimi səsini qaldırdı, dedi, sən elə Ruslansan, Ruslan müəllim yox... Bu vaxt Tofiq söhbətə qarışdı. Tofiq buna qayıdıb deyib ki, sən dünənki tələbəsən də, müəlliminlə bu cür danışma. Bunu deyən kimi Həsən Tofiqə yumruq atıb. Dərhal müdaxilə etdim, Həsəni yerə yıxdım. Amma iddia edildiyi kimi, nə mən, nə Tofiq, nə digərləri onu döyməyib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, mübahisədən bir neçə gün sonra məsələnin həlli üçün Həsən vəkil vasitəsilə ondan əvvəl 3 min, sonra isə məbləği qaldıraraq 10 min manat tələb edib. O, bununla razılaşmadıqdan sonra tələbələri ilə istintaqa cəlb edilib.
Tofiq Musayev
Sərbəst mühakimə edilən Tofiq Musayev isə deyib ki, mübahisənin birbaşa səbəbkarı zərərçəkmiş özüdür: "Tərbiyədən söhbət gedirsə, tərbiyəsizlik edən elə Həsən özü olub. Mən onu vurmamışam. Əksinə o, məni təhqir edib. Ruslanla mübahisə etdi, mən də dedim ki, ayıbdır, müəlliminə qayıtma. Qayıdıb dedi ki, sən "pasan”san, öz işinlə məşğul ol. Bu sözdən sonra mübahisə başladı. Amma ortada bir hadisə yoxdur. Fakt varsa, gətirib ortaya qoysunlar. Qanun qarşısında boynumuz qıldan incədir”.
Bu iş üzrə mübahisəli məsələlərdən biri idmançı Vüqar Kazımovun da ittiham edilməsidir. Ona görə mübahisəli ki, Vüqarın hadisə baş verən yerdə olmadığı bildirilir. Ruslan Əfəndiyev və digər təqsirləndirilənlər Vüqarın mübahisə baş verən vaxt yanlarında olmadığını deyir. Bu yaxınlarda zərərçəkmiş şəxs də onunla bağlı ifadəsini dəyişib. Kazımovun vəkilləri Faiq Nəcəfov və Ülvi Məmmədov Həsən Qasımovun Vüqarla bağlı şikayətindən imtina etməsi, ümumiyətlə, onu mübahisədə görmədiyindən bəhs edən ərizəsini məhkəməyə təqdim ediblər. Müdafiəçilər qeyd olunan əsaslara görə, Vüqar Kazımovun ev dustaqlığına buraxılmasını istəyiblər.
"İttihamda Vüqarın hadisə yerində olduğunu göstərən bir dənə də fakt yoxdur. Hadisə yerində olmayan şəxs necə həbs edilə bilər? Biz inanırıq ki, məhkəmə hökmü ilə Vüqara bəraət veriləcək, amma hökmə kimi onun ev dustaqlığına buraxılmasını xahiş edirik”, - vəkil vəsatətini əsaslandırarkən deyib.
Məlumat üçün deyək ki, bu yaxınlarda Xətai Rayon Məhkəməsi Vüqar Kazımovu ev dustaqlığına buraxmışdı. Lakin beş gün sonra prokurorun protesti ilə idmançı yenidən həbs edildi. Əvvəl təqsirləndirilən olan, ibtidai istintaqın sonunda cinayət işinə bəraətverici əsaslarla xitam verilən Mehman Məmmədov da Vüqarın həmin vaxt hadisə baş verən yerdə deyil, onun yanında olduğunu deyib.
Digər müttəhimlərin vəkilləri də eyni vəsatətlə çıxış ediblər.
Hakim müşavirədən qayıtdıqdan sonra vəsatəti bütün təqsirləndirilən şəxslərə münasibətdə rədd edib.
Növbəti iclas iyunun 28-i keçiriləcək.