David Babayan Azərbaycana təslim olur

Qarabağdakı qondarma rejiminin keçmiş “xarici işlər naziri” David Babayan sosial şəbəkələrdə açıqlama verərək Azərbaycan tərəfinin tələbi ilə araşdırma üçün könüllü təslim olmaq qərarı verdiyini bildirib.

Stopnarkotik.az xəbər verir ki, o, bu gün Şuşaya gedəcəyini qeyd edib.

"Mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim", - o yazıb.

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.