Daha 21 nəfərin bank kartından pul oğurlandı

Azərbaycanda kibercinayətkarların bank kartlarını talama halları davam edir.

Təhlükəsizlik qaydalarına əməl etməyən daha 21 vətəndaşın bank kartından müxtəlif məbləğlərdə pul oğurlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Mayın 31-də 21 vətəndaşımızın bank kartı məlumatları aldadılıb alınmaqla - 10500, 10245, 4200, 2200, 1880, 1500, 1000, 927, 900, 900, 820, 730, 550, 544, 520, 450, 220, 100, 96, 44, 30 manat məbləğində pulu oğurlanıb.

Vətəndaş satışa qoyduğu əşyanı almaq üçün Qazaxıstan nömrəsindən zəng edən naməlum şəxsə bank kartı məlumatlarını verməklə 10500 manatını oğurlatdırıb. Naməlum şəxs ona da söz verib ki, beh göndərir, həmin əşyanı gəlib götürəcəklər.

Başqa bir vətəndaş isə 10245 manat pulu investisiya adı ilə kriptovalyuta oyununda naməlum hesablara köçürüb. Ona da söz veriblər ki, hər saatdan bir qoyduğunuz məbləğ 10-20-30 faiz artacaqdır.

Kiber dövrdə hər kəs şəxsi məlumatlarını qorumalıdır. Pulu oğurlanan insanları unutmayaq!”, - E.Hacıyev deyib.

DİN rəsmisi onu da əlavə edib ki, düşüncə dəyişməlidir:

"Təhlükə var və heç kim kiber təhlükədən sığortalanmayıb. Məxfilik yemək və nəfəs almaq kimi həyatın əsas tələblərindən biridir".