“Dağıstanda həyəcan təbili ötən ilin oktyabrında çalınmışdı”.
Bunu politoloq Elxan Şahinoğlu Dağıstanda baş verən hadisələri şərh edərkən bildirib.
Xatırladaq ki, İsrail rejiminin Qəzzada soyqrım tərətməsinə, əksəriyyəti uşaq olan on minlərlə fələstinlini qətlə yetirməsinə etiraz edən yüzlərlə dağıstanlı gənc oktyabrın 29-da Mahaçqala hava limanına hücum etdi, təyyarələrin uçuş zonasını ələ keçirdilər, binada qapı və şüşələri qırdılar.
“Polis ortada yox idi. Radikal gənclər Mahaçqala hava limanına enən İsrail vətəndaşlarını axtarır, qarşılarına çıxanların pasportlarını yoxlayırdılar. Həmin gün müxtəlif şəhərlərdən uçan təyyarələr Mahaçqala hava limanına enə bilmədilər. İsrail vətəndaşları hava limanını tərk etməyə müvəffəq oldular. Əgər onlar radikalların əlinə keçsəydi, nəticə ağır olacaqdı”, - Elxan Şahinoğlu əlavə edib.
E.Şahinoğlu vurğulayır ki, o zaman Dağıstan İstintaq Komitəsi hava limanına hücum edənlərə qarşı cinayət işlərinin açıldığını bəyan etsə də, sonrakı aylarda bu məsələnin üzərinə çox gedilmədi. Bildirildi ki, gənclər səhvlərini etiraf ediblər.
“İndi kim zəmanət verə bilər ki, dünən Mahaçqalada və Dərbənddə kilsə və sinaqoqa hücum edərək polisləri və mülki insanları öldürən cinayətkarlar arasında ötən il hava limanına hücum edənlər olmayıb”, - təhlilçi sual edir.
Ekspert qeyd edir ki, Şimali Qafqaz Rusiyanın zəif bəndi olaraq qalır: “Dini cərəyanlar Şimali Qafqaz bölgəsində, əsasən də Dağıstanda dərin kök salıb. Dağıstanda işsiz gənclərin sayı çox olduğundan onlar radikalizmi təbliğ edənlərin təsiri altına düşürlər. Moskva bu problemi illərdir həll edə bilmir. Rusiya Prezidenti Dağıstan rəhbərliyinə bu illərdə inandığı siyasətçiləri təyin etsə də, onların heç biri bu bölgədə dərin kök salmış problemləri həll edə bilməyib. Kreml çıxış yolunu bu bölgəyə dotasiyanı artırmaqda görür. Ancaq son toqquşmalar göstərdi ki, bölgəyə maliyyənin həcmini artırmaqla məsələlər həll olunmur”.
Elxan Şahinoğlu hesab edir ki, Dağıstandakı olaylar Şimali Qafqazın digər bölgələrinə də sıçraya bilər.
“Ukraynada işğalçı müharibəni davam etdirən, itkilər verən Rusiya diqqətinin bir hissəsini Şimali Qafqaza yönətlmək məcubiriyyətində qalacaq”, - politoloq bildirib./"azpolitika.info”