"4 saylı cəzaçəkmə müəssəsində cəza çəkən qadınların yalnız 2 faizinin ali təhsili var. Məhkumların 98 faizi təhsil almayan xanımlardır".
Stopnarkotik.az xəbər verir ki, bunu “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri, jurnalist Firuzə Cəlilova “V Kitabqurdu məhkum qadınların oxu marafonu” adlı layihə ilə bağlı mətbuat konfransında deyib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmət, və Azərbaycan Nəşriyyatlar Asosassiyası (ANAİB) İctimai Birliyi ilə birgə keçirilən marafon haqda danışan F. Cəlilova deyib ki, “V Kitabqurdu məhkum qadınların oxu marafonu” layihəsi çərçivəsində məhkum qadınların kitablarla təmin edilməsini Azərbaycan Nəşriyyatlar Asosassiyası öz üzərinə götürüb.
F.Cəlilova qeyd edib ki, yaxın zamanlarda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi planlaşdırılır:
"Hazırda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi məsələsi barədə danışıqlar gedir. Bu barədə Ədliyyə Nazirliyi ilə danışıqlar aparılır. Türkiyədə artıq bu təcrübə tətbiq olunub. Bizim də təhsil haqqında qanunumuzda distant təhsil anlayışı var. COVİD-19 dövründə bu təcrübəni tətbiq etdik. İndi də cəzaçəkmə müəssisələrində sınamağı istəyirik".
F.Cəlilova bildirib ki, gələn ildən etibarən təkcə qadınlarla deyil, kişilər və yeniyetmələr ilə də bu oxu marafonu tətbiq olunacaq.