“CƏZA AĞIRLAŞMASA, NƏTİCƏ SƏMƏRƏSİZ OLACAQ” – Elman Eldaroğlu: “Müalicəsi mümkün olmayan narkomanlar cəmiyyətdən təcrid edilməlidir”

“Sağalmaz narkotik aludəçiləri üçün qapalı yaşayış massivləri təşkil olunmalıdır”

“Narkomaniynın tarixi çox qədimdir. Narkotik vasitələr kəşf olunduğu vaxtdan indiyədək çox hökmdarlar, eləcə də ictimai-siyasi quruluşlar onun əleyhinə iş aparıblar, təəssüf ki, qarşısını tam ala bilməyiblər. Necə deyərlər, narkomaniya olub, var, olacaq da. Amma bu mübarizə dünyanını hər yerində olduğu kimi, bizdə də davam etdirilir”.

Stopnarkotik.az xəbər verir ki, bunu sayta açıqlamasında jurnalist Elman Eldaroğlu bildirib. O, hesab edir ki, son illər Azərbaycanın hər bir regionunda narkomaniyaya qarşı aparılan mübarizə bu məsələnin ölkə rəhbərinin nəzarətində olmasının bariz nümunəsidir:

“Onu da qeyd etməliyik ki, yüzlərlə, minlərlə narkotik ticarətçisi həbs olunsa da, hələ də narkomanoyanın kökünü kəsmək mümkün olmayıb. Deməli, bu sahədə daha ciddi işlər görülməlidir”.

E. Eldaroğlu deyir ki, narkotik problemi nəinki ölkəmizdə, bütün dünyada öz aktuallığını hələ də itirməyib: “Təsəvvür edin ki, inkişaf etmiş bəzi ölkələr bu mübarizədən çıxış yolu olaraq, qanunlarında yumşalmaya gedib, narkotik maddələrin açıq satışına keçiblər. Amma bu da çıxış yolu deyil. Yəni belə tədbirlərin narkomanların normal həyata qayıtmasında elə də ciddi əhəmiyyəti olmayacaq”.

Elman Eldaroğlu bu fikirdədir ki, Azərbaycanda narkomaniyanın kökünü kəsmək üçün ilk növbədə nəyin bahasına olursa-olsun, ölkədə narkoticarətin kökünü kəsmək gərəkdir: “Müalicəsi mümkün olan narkomanların dövlət səviyyəsində məcburi müalicəsini təşkil etmək lazımdır. Artıq müalicəsi mümkün olmayan narkomanlar isə cəmiyyətdən təcrid edilməlidirlər. Cüzam və digər xəstələr kimi, onlar üçün qapalı yaşayış massivləri təşkil olunmalıdır ki, cəmiyyətdən kənarda işləyib yaşasınlar. Məncə, bu ən optimal yoldur- cəza ağırlaşmasa, nəticə səmərəsiz olacaq”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az