Rusiyanın paytaxtı Moskvanın Basmannı rayon məhkəməsi martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları 33 yaşlı Dalercon Barotoviç Mirzoyev, 30 yaşlı Saidakrami Muradali Raçabalizoda, 26 yaşlı Şamsidin Fariduni və 20 yaşlı Muhəmmədsobir Zokirçonoviç Fayzov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Bu barədə Rusiya dövlət KİV məlumat yayıb.
Adıçəkilmiş şəxslər mayın 22-dək həbsdə qalacaqlar. Şübhəli şəxslərin barəsində Rusiya Cinayət Məcəlləsinin üçüncü fəslinin 205-ci maddəsi (“tələfatla nəticələnən terrorçuluq”) ilə cinayət işi açılıb. Onlar ömürlük həbs cəzasına məhkum oluna bilərlər.
Məhkəmədə olmuş müxbirlərə görə, məhkəməyə gətirilmiş şübhəli şəxslərin üzlərində zorakılıq izləri olub. Raçabalizodanın saxlanılarkən qulağı kəsilib. Bu barədə videogörüntülər internetə sızdırılıb. “Mediazona” nəql edib ki, 2004-cü il təvəllüdlü Fayzov isə reanimasiyadan birbaşa məhkəməyə aparılıb, o, xəstəxana xalatında və xərəkdə şüşə qəfəsə gətirilib. Gənci həkimlər müşayiət etsə də, iclas qapalı olandan sonra onlar da hakim Vaxrameyevin tələbi ilə otaqdan çıxarılıb. Hakim təqsirləndirilən şəxsin vəziyyətinə əhəmiyyət verməyib. İstintaqa görə, Fayzov konsert kompleksinə hücumu lentə alan şəxs olub.
Xatırladaq ki, “Piknik” qrupunun konsertinə gəlmiş tamaşaçıları güllələyən və daha sonra konsert zalında yanğın törətmiş terrorçuların qurbanları 137 nəfər olub, daha 180 nəfər yaralanıb və yanıq xəsarətləri alıb.