Cərimələnən bloqer səhifələrə hücum təşkil edib?

Bir neçə gün əvvəl Bakı-Quba-Rusiya sərhədi yolunda “Range Rover” markalı avtomobili 200 km/saat sürətlə idarə etdiyinə görə məsuliyyətə cəlb edilən bloger Əsmər Axundzadənin bir sıra sosial şəbəkə səhifələrini qəsdən bağlatdırdığı iddia olunur.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Axundzadə barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi səhifələrində yaydığı məlumatı paylaşan instaqram səhifələrinin hücuma məruz qaldığı bildirilir. Belə ki, həmin xəbərlə bağlı səhifələrdən edilmiş şikayətlər və digər müdaxilələr səbəbindən bir neçə məşhur instaqram səhifəsi artıq bağlanıb. Səhifə adminləri onlara məxsus olan hesabların Ə.Axundzadənin təşkilatçılığı ilə hücuma məruz qaldığını deyirlər.

Eyni zamanda dünən Ə.Axundzadənin “Esma Nur” adı ilə istifadə etdiyi profildən “Yandırdım... üzərliyi” başlığı ilə eyhamlı paylaşımı bu iddiaları gücləndirib.

Artıq səhifələrin sahibləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlar rəsmi qurumların yaydığı məlumatı paylaşdıqlarını və buna görə fəaliyyətlərinin məhdudlaşdırılmasının ictimai qaydalara və sosial şəbəkələrin iş prinsiplərinə uyğun olmadığını bildirirlər.

Xatırladaq ki, məlum hadisədən sonra BDYPİ bir daha bütün yol hərəkət iştirakçılarına müraciət edərək onları reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməməyə çağırıb. Xüsusilə belə şəxslər barəsində ciddi tənbeh tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq da edib.