COP29 üçün rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verildi

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən rəqəmsal nəqliyyat xəritəsi istifadəyə verilib.

Stopnarkotik.az xəbər verir ki, COP29 zamanı nəqliyyat məsələlərinin idarə edilməsini ziyarətçilər üçün asanlaşdırılmasına xidmət edən bu onlayn resurs əlverişli mövqelərdə yerləşən nəqliyyat qovşaqları, eləcə də tədbir və qonaqlama məkanları ilə bağlı əsas məlumatları ehtiva edir.

Nəqliyyat qovşaqları şəbəkəsi şəhərin əlverişli ərazilərini əhatə etməklə yanaşı, bir sıra marşrutları, eləcə də nəqliyyat sxemlərini özündə birləşdirir. Qovşaqlar nümayəndə heyəti və ziyarətçilərin yaşayış yerlərindən Bakı stadionuna getmələri, habelə marşrut avtobusları, metro xətləri / metro stansiyaları və taksilər də daxil olmaqla, bir sıra multimodal nəqliyyat vasitələrindən asan istifadə imkanını təmin edir.

Yeni istifadəyə verilmiş və COP29 veb-saytında yerləşdirilmiş rəqəmsal nəqliyyat xəritəsi istifadəçilərə əsas nəqliyyat qovşaqlarının mövqelərini göstərmək üçün nəzərdə tutulub. Bu nəqliyyat qovşaqları COP29 müddətində nümayəndə heyətlərinin gediş-gəlişini optimallaşdırmaq və asanlaşdırmaq məqsədilə hazırlanmışdır və nəqliyyat qovşaqları, tədbir məkanı, o cümlədən qonaqlama məntəqələri arasında nəqliyyat hərəkətlərini effektiv şəkildə özündə birləşdirir.

İstifadəsi rahat olan bu elektron resurs COP29-un nəqliyyat qovşaqları şəbəkəsi, müvafiq marşrut avtobusu xətləri və “Aero Ekspress” avtobusları ilə sərnişindaşıma xidmətləri ilə yanaşı, Bakı Stadionu, o cümlədən Mavi və Yaşıl zonalar, Heydər Əliyev Beynəlxalq Aeroportu, əsas otellər və yaşayış kompleksləri arasında istiqamətləndirməni təmin edir. Buraya parklanma yerləri və avtobus dayanacaqları, eləcə də minmə və enmə nöqtələri haqqında məlumatlar da daxildir. İstifadəçilər rəqəmsal nəqliyyat xəritəsində müvafiq sahələri qeyd edərək təyinat nöqtələri arasında nəqliyyatla və ya piyada hərəkət üçün ən uyğun marşrutları seçə bilərlər.

Rəqəmsal nəqliyyat xəritəsi COP29 Azərbaycan Əməliyyat Şirkətinin konfrans zamanı ziyarətçi axınını effektiv şəkildə idarə etmək üçün həyata keçirdiyi bir sıra tədbirlərdən biridir və COP29 müddətində həm qonaqlar, həm də şəhər sakinləri üçün rahat və komfortlu hərəkəti təmin edir. Sərnişindaşıma xidmətlərinin etibarlı şəkildə icrasını təmin etmək üçün həyata keçirilən digər tədbirlərə ekspress ictimai avtobuslar, konfrans üçün ayrılmış xüsusi marşrut avtobusları və hava limanına/hava limanından transfer xidmətləri də daxil olmaqla, yüzlərlə taksinin və 400-ə yaxın avtobusun istifadəyə verilməsi daxildir. 

Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti 11-22 noyabr tarixlərində keçiriləcək konfrans zamanı akkreditə olunmuş iştirakçılara şəhər və aeroport avtobuslarından, eləcə də ictimai nəqliyyatdan ödənişsiz istifadə imkanı təqdim edir. Nümayəndə heyətləri üçün ödənişsiz marşrut avtobusu xidmətləri ilə yanaşı, ictimai nəqliyyatdan da pulsuz istifadə imkanı UNFCCC tələblərində nəzərdə tutulmasa da, tədbirə ev sahibliyi edən Azərbaycanın üstün səylərini bir daha nümayiş etdirir və COP29 zamanı nümayəndə heyətlərinin Bakıda bir neçə nəqliyyat növündən ödənişsiz istifadə etmələrinə şərait yaradır. Marşrut avtobusu xidmətləri və ictimai nəqliyyatdan (metropoliten, qatarlar və müntəzəm avtobuslar) ödənişsiz istifadə etmək üçün nümayəndələr UNFCCC-nin akkreditasiya və ya təsdiq məktubunu təqdim etməlidirlər. Konfransın nəqliyyat xidmətlərindən istifadə ilə bağlı bütün məlumatlar COP29-un rəsmi veb-saytında yerləşdirilib.