CNN: Ukrayna ABŞ-ın sülh planının üç əsas şərtini rədd edir

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirsə də, Kiyev ABŞ-ın sülh planının üç əsas maddəsini rədd edir.

Bu barədə CNN Ukraynadakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, üç məsələ ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır: Donbasın Rusiyanın nəzarətinə verilməsi, Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min hərbçi ilə məhdudlaşdırılması və ölkənin NATO-ya üzvlük hüququndan imtina etməsi.

Qeyd edilib ki, bu tələblər Rusiya tərəfindən döyüşlərin dayandırılması üçün qoyulan şərtlərə uyğundur, lakin Ukrayna üçün “qırmızı xətt” rolunu oynayır.

Ukraynalı mənbə vurğulayır ki, ərazi ilə bağlı məsələlər hələ razılaşdırılmayıb, Silahlı Qüvvələrin məhdudlaşdırılması təklifləri yenidən nəzərdən keçirilməlidir və NATO-ya üzvlükdən imtina Rusiyanın alyansa təsirini göstərən “pis presedent” yaradacaq, halbuki "Rusiya onun üzvü belə deyil".