Narkotik istifadəsi öz-özlüyündə fəlakətdir. Amma onun ən pis tərəfi aşırı dozadan ölümdür. Aşırı dozadan ölüm hallarının artım rəqəmləri dərc olunan hesabat və statistikada göstərilir.
BMT və Avropa narkotikə qarşı mübarizə təşkilatları bildirirlər ki, aşırı dozadan ölüm hallarının artmasının səbəbi narkotiklərə kimyəvi qatqıların qarışdırılmasıdır. Nəzərə alsaq ki, Azərbaycanda da aşırı dozadan ölüm halları artıb, aidiyyatı orqanların ölkədəki narkotk bazarını araşdırması, satılan narkotiklərdəki kimyəvi qatqıları müəyyənləşdirməsi, bizdə aşırı dozadan ölümlərə məhz hansı qatqıların səbəb olduğunu ortaya çıxarması yerinə düşər. Eləcə də ölkədə əsasən hansı narkotiklərdən istifadə olunduğunun, “qara bazar”da əsasən hansı narkotiklərin üstünlük təşkil etdiyinin monitorinqi aparılmalıdır. Ölkədəki narkotik fonunun monitorinqi üçün tətbiq olunan metod tullantı sularının araşdırılmasıdır. Çirkab sularının tədqiqi şəhərlərdə narkotik istifadəsi səviyyəsini, çeşidini izləmək, real mənzərəni görmək və problemin miqyasını qiymətləndirmək baxımından gərəklidir.
Aİ qurumlarının ekspertləri bildirirlər ki, bazarda sintetik narkotiklər üstünlük təşkil edir. Belə anlaşılır ki, narkotiklərə nəzarətin gələcəyi əsasən sintetik maddələrlə mübarizədən asılı olacaq. Bazar daim dəyişir. Narkomafiya hazırkı mübarizə qanunlarını aşan yeni "iş metodları" icad edir. Bu isə hüquq-mühafizə orqanları və səhiyyə xidmətləri üçün “boz sfera” yaradır.
"Sintetik heroin" kimi bazara çıxarılan nitazen tərkibli sintetik opioidlərin Polşa və Estoniyada aşırı dozadan ölümlərə gətirdiyi açıqlanıb. Həmçinin nitazen tərkibli opioidlər İrlandiya və Fransada çox müsadirə olunur. Avropa ölkələri sintetik narkotiklərə qarşı mübarizə aparmaqda çətinlik çəkir. Bunun əsas səbəbi narkotiklərin alınıb-satıldığı “Darknet” və kriptovalyutalardır. Bu texnologiyaların təmin etdiyi anonimlik narkoticarətin izlənməsini və qarşısının alınmasını olduqca çətinləşdirir.
Stopnarkotik.az