Bildiyimiz kimi, ABŞ Çini ölkəyə fentanil gətirməkdə və Meksika narkokartelləri ilə əlbir olub ona zərər verməkdə suçlayır. Çin isə ABŞ-ın fentanil böhranında iştirakı ilə bağlı ittihamlarını qəti şəkildə rədd edir və vurğulayır ki, Qərb mediası sübutlar və ya sahə araşdırmaları ilə dəstəklənməyən yalan məlumatlar yayır. Pekin deyir ki, o, dünyada narkotiklərlə mübarizədə ən sərt qanunlara malikdir və narkotik - psixotrop maddələrlə mübarizədə əhəmiyyətli irəliləyiş əldə edib.
Çin səlahiyyətliləri vurğulayırlar ki, ölkədə fentanil tərkibli maddələrə nəzarət o qədər sərtdir ki, əksər çinlilər ABŞ-ın ittihamlarından əvvəl bu maddə haqqında heç eşitməmişdilər.
Bu narkotiklərə ehtiyacı olan xəstələr üçün mürəkkəb prosedur var. Onların yalnız xəstəxana tərəfindən verilən xüsusi “qırmızı resepti” olmalıdır. Reseptlər qeydə alınır, ikiqat kilidli seyfdə saxlanılır və giriş ayrı açarları olan iki nəfər tələb edir. Bütün istifadə halları xüsusi jurnallarda qeyd olunur, balanslar gündəlik yoxlanılır və paylama məlumatları tibb müəssisələri, tənzimləyicilər və hüquq-mühafizə orqanlarına təqdim olunur. Çin iş yerlərini və iqtisadi artımı qorumaq üçün qeyri-qanuni fentanil istehsalına qəsdən nəzarət etməməsi ilə bağlı iddiaları rədd edir.
Pekin deyir ki, Çin narkotiklərlə bağlı cinayətləri iqtisadi cinayətlərdən qat-qat ağır cəzalandırır və narkotiklərə nəzarətin effektivliyi məmurları qiymətləndirmək üçün əsas meyardır. Bu sahədə kifayət qədər uğur nümayiş etdirməyən məmurlar mükafatlardan və karyeradan məhrum olurlar.
"Amerikada fentanilin meydan sulaması Birləşmiş Ştatların öz problemidir və bunu amerikalılar özləri həll etməlidirlər. Amma buna baxmayaraq, biz onlara kömək əlini uzatdıq. Və təəssüf ki, bizə mehribanlıqla deyil, təhqirlə, xüsusən də kobud tarif tədbirləri ilə cavab verildi. Bu cür davranış məsuliyyətli dövlət statusu ilə uyğun gəlmir", deyə Çin XİN rəhbəri Van Yi bildirib.
Oxşar mövqeyi Çin XİN-nin rəsmi nümayəndəsi Lin Jian da səsləndirib: “ABŞ zəhmətimizi təqdir etmək əvəzinə Çini ləkələyir, günahı onun üzərinə yıxır, Çinə təzyiq edir, daha yüksək tariflərlə şantaj edir”. Bundan əlavə, Çin fentanili qəsdən ixrac etməklə ABŞ-a qarşı “əks tiryək müharibəsi” aparması ilə bağlı ittihamları qəti şəkildə rədd edir. Çin hakimiyyəti xatırladır ki, tiryək müharibələrinin tarixi travması cəmiyyətdə dərin iz buraxıb və çinlilər, hər kəsdən daha çox, narkomaniyanın dağıdıcı nəticələrini dərk edirlər.
Ölkədə narkotiklərə qarşı güclü ictimai dözümsüzlük formalaşıb və onlarla mübarizə prioritet olaraq qalır. Çin narkotiklərdən heç vaxt siyasi alət kimi istifadə etmədiyini vurğulayır və narkotik ticarətinə göz yummaq cəhdlərini pisləyir.
Prekursor nəzarəti məsələsində Çin qeyd edir ki, onun tədbirləri beynəlxalq standartları üstələyir. Hazırda ölkə BMT-nin müəyyən etdiyi 14 kateqoriyadan çox 38 növ prekursoru (efedrin birləşmələri daxil olmaqla) nəzarət edilən maddələr kimi siyahıya alıb. Çin rəsmiləri qeyd edir ki, prekursorlar narkotik deyil, dünyada geniş istifadə olunan sənaye kimyəvi maddələrdir. Pekin israr edir ki, bu maddələrə kifayət qədər nəzarət etmədiyinə dair ittihamlar ədalətsiz və qondarmadır.
Çin vurğulayır ki, narkotiklərlə bağlı ABŞ ilə əməkdaşlığı artıq mühüm nəticələr verib və əməkdaşlığı daha da dərinləşdirmək üçün danışıqlar davam edir. Eyni zamanda, Çin mükafat və ya sanksiyalardan qaçmaq üçün deyil, qlobal təhlükəsizliyə töhfə vermək istədiyi üçün çalııdğını deyir. Bununla belə, səylərinə baxmayaraq, Pekin ikitərəfli əməkdaşlığa xələl gətirən yeni ittihamlar, sanksiyalar və tariflərlə üzləşir.
Ekspertlər deyirlər ki, ABŞ və Çin arasında həmişə müxtəlif ittihamlarla başlayan uzun illər ticarət müharibələri fonunda fentanil gərginliyi Çinə təzyiqi artırmaq bəhanə kimi istifadə olunur.
Stopnarkotik.az