Son dövrlərdə xarici xüsusi xidmət orqanlarına işləyən vətəndaşların müəyyən edilməsi və həbsi məsələsi gündəmdədir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ard-arda keçirilən əməliyyatlar nəticəsində xeyli casus ifşa olunub. Təbii ki, bu, ilk növbədə xüsusi xidmət orqanlarının peşəkarlığıdır. Əməliyyatlar elə peşəkarcasına aparılır ki, qarşı tərəf son ana qədər bunun fərqində olmur və sirr almaq istədiyi halda, sirr verir.
Son əməliyyatda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunan 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlu, habelə ölkəmizə qarşı təxribat-pozuculuq fəaliyyəti ilə məşğul olan 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlunu məsuliyyətə cəlb edib. Hər iki şəxs ölkəmizdə etnik və dini zəmində düşmənçilik yaratmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamaq və digər pozuculuq fəaliyyətində ittiham olunur.
İndiyədək bu kimi əməliyyatlarla bağlı hazırlanan sənədli filimlərdən bizə aydın olur ki, vətəndaşlar çox zaman xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə təsadüfən, xarici ölkələrdə hər hansı bir sərgidə, tədbirdə olduqları zaman tanış olurlar. Yaxud da ən yayğın vasitə sosial şəbəkədir.
Sosial şəbəkə üzərindən başlanan “dostluq” nəticəsində vətəndaş getdikcə ələ alınır və pul, hansısa vədlər və ya təhdid qarşılığında dövlət sirrini yayır, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarının nökərinə çevrilir.
Bəllidir ki, hər bir dövlətin kəşfiyyatı, əks-kəşfiyyatı var. Bunlar daim fəaliyyətdədirlər və digər dövlətlərdə kimlərisə “verbovka” eləməyə çalışırlar.
Xüsusilə də əməliyyat məlumatlarından aydın olur ki, Azərbaycan daha çox Ermənistan, İran üçün “maraqlıdır”.
Biz Ermənistanın xüsusi xidmət orqanlarının fəaliyyət prinsipi ilə Real Tv-də yayınlanan “La Vira məxfi menyu” sənədli filmindən tanış ola bilərik. Digər bu kimi əməliyyat məlumatlarından da görürük ki, Ermənistanın xüsusi xidmət orqanlarının üslubu oxşar və ya eynidir-sosial şəbəkələrdən kimlərisə ələ almaq, sonra onları üçüncü bir ölkəyə dəvət edərək orada görüşmək, tapşırıqlar vermək, hərbi obyektlərin yerləri ilə bağlı foto, mətn xarakterli informasiyalar almaq və sairə.
Ona görə də vətəndaşlarımız sosial şəbəkələrdə diqqətli olmalı və bilməyərəkdən hər hansı bir dövlət əhəmiyyətli məlumatın alınmasında istifadə olunmamalıdırlar.
Bəs casusu necə tanımalı və onlar daha çox nə ilə maraqlanırlar?
Bu barədə Latviyanın təhlükəsizlik polisinin nəşr etdiyi məxfi əməkdaşlığa cəlb olunma və casuslara qarşı mübarizə qaydalarından bəzi detalları təqdim edirik:
İlk olaraq bilmək lazımdır ki, casusları təkcə dövlət sirləri deyil, dövlət orqanlarının gündəlik informasiyaları da maraqlandıra bilər. Bu səbəbdən bütün dövlət işçiləri vəzifəsindən asılı olmayaraq məxfi əməkdaşlığa cəlb olunma təhlükəsi ilə üzləşirlər.
Casuslar nə ilə maraqlana bilərlər?
- Rəsmi istifadə üçün nəzərdə tutulan məlumatlar;
- Digər dövlət orqanları, xarici təşkilatlar, podratçılar və qeyri-hökumət təşkilatları ilə görülən işlər barədə məlumatlar;
- Qanunların, layihələrin, islahat planlarının ilkin versiyaları, daxili planlaşdırma sənədləri və s.;
- Şəxsi məlumatlar, peşə təlimləri, texniki avadanlıqlar;
- Təşkilatın təhlükəsizlik tədbirləri;
- Ləkələmək – nüfuzdan salmaq üçün - daxili ixtilaflar, xarakterin mənfi cəhətləri, işdən narazıçılıq kimi istənilən informasiyalar.
Bəs casuslar ən çox harada olurlar? Onları harada görə bilərik?
Təcrübələr göstərir ki, xarici kəşfiyyat xidmətlərinin mütəxəssisləri özlərini diplomatlar, dövlət və bələdiyyə qurumlarının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, sahibkarlar, jurnalistlər və digərləri kimi qələmə verə bilər.
Casuslar konfranslar və seminarlar kimi beynəlxalq tədbirlər, qeyri-rəsmi görüşlər və ya qohumları, dostları və xarici ölkələrdəki tanışlar vasitəsilə əlaqə yaratmağa çalışırlar.
Digər metod xarici ölkədə məxfi əməkdaşlığa cəlb olunanı hansısa bir qanun pozuntusunda (məsələn, sənədlərin yanlış doldurulması və ya qadağan olunan əraziyə daxil olma) təqsirli bilməkdir. Bu cür hallar provokasiya ola bilər.
Onu da bilmək lazımdır ki, bütün danışıqlar heç də həmişə məxfi əməkdaşlığa yol açmır. Casus sadəcə vacib məlumatları öyrənə bilər.
Əgər bir xüsusi xidmət orqanının əməkdaşı sizi ələ almağa çalışırsa və siz bunun fərqində deyilsizsə, onun davranışlarına diqqət edərək şübhələnə bilərsiniz.
Məsələ, onlara qısa müddət sonra qeyri-rəsmi söhbətə keçmək arzusunda olurlar. Sosial şəbəkədə dostluğa əlavə olunmanı istəyirlər. Söhbət zamanı siyasət, dəyərlər, peşəkar bacarıqlar və başqa şəxsi mövzularda söhbətlərə keçməyə çalışırlar.
Metodiki təlimatda bildirilir ki, məxfi əməkdaşlığa cəlb olunanlar kritik situasiyada - məsələn, ailə üzvlərinə həbs və təzyiq təhdidi altında, xarici kəşfiyyatla əməkdaşlığı qəbul edə bilər.
Buna görə də Azərbaycan vətəndaşı olaraq belə bir halla üzləşən zaman mütləq Azərbaycanın xüsusi xidmət orqanlarına məlumat vermək, bu barədə öz dövlətimizdən kömək almaq lazımdır. Hər addımda vətənin, dövlətin maraqlarını nəzərə almaq, buna uyğun davranmaq, başqalarına maşa olmaqdan çəkinməliyik. Çünki bu, təkcə bizim deyil, gələcək nəsillərimiz, dövlətimiz üçün təhlükədir.../musavat.com