Natiq Qubadov: "Narkotik asılısı ilə narkotik satana eyni cəza verilməməlidir"
"Mən o yanaşmanın tərəfdarıyam ki, yeniyetmələr cəzaçəkmə müəssisəsinə düşməkdənsə, reabilitasiya mərkəzlərinə cəlb olunsunlar"
Cinayətkarlığın statistikasını azaltmaq və narkomaniyanın vüsət almasını nəzarətdə saxlamaq məqsədilə Avropanın bəzi ölkələri ağır sintetik narkotiklər - marixuana, kokain və heroin də daxil olmaqla, narkotik maddələrin dekriminalizasiyasını tətbiq edir. Bu addım haradasa cinayət statistikasını azaltsa da, narkomaniyanın azalmasına o qədər də müsbət təsir göstərmir. Ən azı Portuqaliyada baş verənlərdən bunu deyə bilərik…
Stopnarkotik.az məsələ ilə əlaqədar Almaniyada çalışan həmyerlimiz narkoloq, həkim-psixiatr Natiq Qubadovla söhbətləşib.
- Portuqaliyada cinayətkarlığın statistikasını azaltmaq üçün marixuana, kokain və heroin də daxil olmaqla, bütün növ narkotik istifadəsi dekriminallaşdırılıb. Məqsəd narkotik aludəçilərini könüllü olaraq həbsxanadan reabilitasiya mərkəzlərinə yönəltmək olub. Sizcə, bizim ölkədə bu metod narkotik aludəçisinin yolunun həbsxanadan reabilitasiya mərkəzlərinə salmaqda təsirli ola bilərmi? Nəzərə alsaq ki, bizdə mental dəyərlər fərqlidir.
- Avropanın narkomaniyaya qarşı mübarizə modellərindən biri də “Bazel modeli”dir. İsveçrənin Bazel şəhərində heroin asılılığı “qara bazar”da daha çox vüsət alıb. Orada heroin satışı daha çox “qara bazar”da gedir və daha çox insan nəzarətsiz şəkildə narkotiklər sayəsində xəstəliklərə yoluxurlar. Bazel şəhərində belə qərar alınır ki, “qara bazar”da qeyri-qanuni dövriyyənin qarşısını almaq üçün narkotikin satışını şəhər rəhbərliyi özü həyata keçirsin. Bunun fonunda “qara bazar”ı yığışdırsın və narkotik istifadəçilərinin sayını azaltsın. Belə də olmuşdu. Narkotik istifadəçilərinin sayı azalmışdı. Görünür, Portuqaliyada da oxşar model bu məsələyə görə tətbiq olunub. Məqsəd narkomanları cəzaçəkmə müəssisələrindən reabilitasiya mərkəzlərinə yönləndirmək olub. Bunun üçün kifayət qədər reabilitasiya mərkəzləri olmalıdır. Orada müxtəlif növ insanlara xidmət göstərilməlidir. Çünki bu istiqamətdə bir illik, iki illik həm psixi, həm narkoloji diaqnoz qoyulmalıdır. Təbii ki, bu xidmətlər göstərilərkən hər bir insanın xarakteri də nəzərə alınmalıdır. İnteligent insana diaqnoz qoyularkən ona bəzi şeyləri demək olmaz, ona adaptasiya olmalıdır. Yəni reabilitasiya prosesi çoxyönlü olmalıdır. Reabilitasiya mərkəzlərində birinci bu mərhələ hazırlanmalıdır, ən əsas budur. Bundan sonra düşünmək lazımdır ki, reabilitasiya hansı istiqamətə getsin.
- Narkotiklə bağlı həbsə düşənlərin cəzaçəkmə müəssisələrində digər məhbuslardan ayrı saxlanılmasının gərəkli olduğunu düşünürsünüzmü? Bu, narkotiklə bağlı həbsə düşənlərin cinayət aləminin başqa sferalarında daha da təkmilləşməsinin qarşısını ala bilərmi?
- Məncə, onların eyni, yoxsa müxtəlif cəzaçəkmə müəssisələrində olmasının fərqi yoxdur. Bu, həm dövlətə əlavə xərcdir, həm də lazımsız xərcdir. Onların eyni, yoxsa ayrı-ayrı yerlərdə olmalarının fərqi yoxdur. Onların hər biri cinayətkardır: istər narkotikin satışı ilə məşğul olan, istər başqa ittihamla həbsə düşən olsun. Cəzaçəkmə müəssisəsində yalnız kimisə öldürüb həbsə girənlər olmur, orada adamları aldadanlar, yaxud digər fərqli ittihamlarla həbsə düşən məhbuslar da olur. Mən onların arasında elə bir fərq görmürəm.
- Bəs, narkotiklə bağlı həbsə düşən yeniyetmələrin cəzaçəkmə müəssisələrində digər məhbuslardan ayrı saxlanılması və narkotikə erkən başlayan yeniyetmələr üçün ayrıca reabilitasiya mərkəzlərinin təsis edilməsi barədə firkiniz nədir? Sizcə, bu metod onların narkotik sferasında dərinləşmədən, erkən xilası ilə nəticələnə bilərmi?
- Təbii. Mən o yanaşmanın tərəfdarıyam ki, yeniyetmələr cəzaçəkmə müəssisəsinə düşməkdənsə reabilitasiya mərkəzlərinə cəlb olunsunlar. Onların qarşısına o tələb kimi qoyulsun. Yenə də reabilitasiya mərkəzinin olması zərurətinə gəlib çıxırıq. Yəni yetərli dərəcədə reabilitasiya mərkəzləri olmalıdır. Yeniyetmələrə də belə bir şərt irəli sürülməlidir: tutaq ki, sən reabilitasiyaya gəlməsən iki illik məhbəsə gedəcəksən, amma həbsə düşməyin əvəzində bir il altı ay reabilitasiyaya cəlb olunaraq, müalicə prosesi keçirib narkomaniyadan qurtula bilərsən. Misal üçün, Almaniyada bu metod var. Təkcə yeniyetmələrə deyil, böyük insanlara da bu variant təklif edilir. Təbii ki, hə bir narkotik istifadəçisi hər an cinayət törədə bilər, yaxud nəsə başqa neqativ situasiyaya düşə bilir. Ya da narkotik almaqdan ötrü kimisə qorxudub cinayət tərkibli əməl törədə bilir. Belə əməllərin qarşısında onları bir-iki illik həbs gözləyəndə qarşılarında bu tələb qoyulur ki, ya reabilitasiya olunursan, ya da həbsə gedirsən. Bəzən bu da təsir göstərir. Amma hər bir halda ilk növbədə tam təchizatlı reabilitasiya mərkəzləri olmalıdır. İkinci növbədə, narkotik satanla asılı insan differensasiya edilməlidir ki, biləsən kimə nə təklif edəsən. Çünki narkotik satana reabilitasiya təklif etmək olmaz. Narkotik satana qarşı ittiham başqadır. Ona görə, məhkəmə sistemi adil olmalıdır. Mənim eşitdiyim, bildiyim elə insanlar var ki, onlara sadəcə narkotik asılısı olduğu üçün doqquz il həbs verilib. Yəni narkotik asılısına da narkotik satanla eyni cəzanı veriblər. Bu iki hal mütləq fərqləndirilməlidir.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az