İyulda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 mindən yuxarı əsassız müraciət daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat yayıb.
Bildirilib ki, ötən ay "103" Çağrı xidmətinə Bakı şəhəri üzrə 64 814 çağırış daxil olub. Bu çağırışlara əsasən 57 776 nəfərə yerində ilk yardım təmin olunub, 6 956 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub.
Gündəlik olaraq müraciət sayı təxminən 2 238 - 2 241 təşkil edib. Daxil olan çağırışlardan 4 295-i əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlər olub.
Eyni zamanda 6 187 nəfərin çağırışı nəticəsiz (haqqında çağırış verilən şəxs yerində tapılmayıb, tibbi yardımdan imtina olunub və s.) olaraq qeydə alınıb. Çağırışlar daha çox arterial təzyiq, ürək-damar sistemi xəstəlikləri, səhhətdə yaranan ani pisləşmələr, müxtəlif növ travmalar və s. ilə bağlı olubƏsassız çağırışların sayının üstünlük təşkil etməsini nəzərə alaraq, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin hansı hallarda çağırışları icra etmədiyini bir daha xatırladırıq:
1. Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə prosedurlarının aparılması (inyeksiya, venadaxili infuziya ("sistemin köçürülməsi"), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi;
2. Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (EKQ çəkilməsi) aparılması;
3. Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi, təyin etdiyi tibb müəssisəsinə təxliyə olunması;
4. Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması;
5. Vəfat etmiş şəxsin daşınması;
6. Stomatoloji yardımın göstərilməsi;
7. Müayinə məqsədilə gündəlik olaraq şəkərin, arterial təzyiqin və saturasiyanın ölçülməsi və s.
Sonda vurğulanlb ki, təcili tibbi yardım fəaliyyətinin bilərəkdən əsassız olaraq məşğul edilməsi inzibati məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) müvafiq olaraq həmin şəxslər barədə cərimə tətbiqi də nəzərdə tutulur.